Maka Boçorişvili: Dost ölkənin dövlət başçısının Gürcüstana səfəri bizim üçün çox vacibdir

Gürcüstan ilə Azərbaycan arasında yüksəkvəzifəli dövlət rəsmilərinin səfərləri və görüşləri bizim üçün çox vacib əhəmiyyətlidir. Bu cür səfərlərin nəticəsidir ki, iki ölkə arasında münasibətlər intensiv inkişaf edir və daha da genişlənərək müxtəlif sahələrdə əməkdaşlıqla nəticələnir.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan Prezidenti İlham Əliyevin Tbilisiyə dövlət səfərini şərh edərkən deyib.

O deyib: “Strateji tərəfdaşımız, qonşumuz və dost ölkəmizin dövlət başçısının Gürcüstana səfəri bizim üçün çox vacibdir. Xüsusilə regionda gedən proseslər fonunda qonşu və dost dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi olduqca mühümdür. Azərbaycan Prezidentinin Gürcüstana səfəri çərçivəsində bütün mühüm məsələlər müzakirə ediləcək”, - deyə Boçorişvili əlavə edib.