Birləşmiş Ərəb Əmirlikləri gün ərzində İrandan buraxılan 12 ballistik raket, iki qanadlı raket və 19 dronu zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücumlar nəticəsində 4 nəfər yaralanıb.
Ümumilikdə İranın BƏƏ-ə hücumları başlanandan bəri ölkədə itki sayı 13 nəfər təşkil edir.
Fevralın 28-dən aprelin 6-a qədər əmirliklərə 519 ballistik raket, 26 qanadlı raket və 2,210 pilotsuz uçuş aparatı buraxılıb.
xxx
09:28
Birləşmiş Ərəb Əmirliklərinin hava hücumlarından müdafiə sistemlərinin zərərsizləşdirdiyi sursatın dağıntılarının Əbu Dabinin Müsəffə sənaye kompleksinə düşməsi nəticəsində bir nəfər yaralanıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Yaralanan şəxsin Qana vətəndaşı olduğu və onun orta dərəcəli xəsarətlər aldığı bildirilir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.