İslamabadda Vens, Uitkof və Kuşner arasında İranla bağlı danışıqlar aparılacaq (YENİLƏNİB)

İslamabad şəhərində İran və ABŞ nümayəndə heyətləri arasında sülh danışıqları Bakı vaxtı ilə 16:00-da başlayacaq.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

“Al Hadath” telekanalının mənbələri bildirirlər ki, vasitəli məsləhətləşmələr artıq baş tutub, qarşıdakı danışıqlar isə birbaşa olacaq.

xxx

10:37

İranla sülh danışıqlarında iştirak edəcək ABŞ-nin yüksək vəzifəli rəsmilərini, o cümlədən vitse-prezident Cey Di Vensi daşıyan təyyarə bu dəqiqələrdə İslamabada enib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Pakistanlı mənbənin “Reuters”ə bildirdiyinə görə, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də artıq ölkəyə gəlib.

Danışıqlardan əvvəl Amerikalı rəsmilərin Pakistan rəhbərliyinin nümayəndələri ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.