Azərbaycan Transxəzər əlaqəliliyini və regional nəqliyyat dəhlizlərini inkişaf etdirir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antaliya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan ardıcıl şəkildə regional əlaqəliliyi, nəqliyyat və enerji dəhlizlərini inkişaf etdirir.
“Biz Azərbaycan–Gürcüstan–Türkiyə əməkdaşlığı ilə, o cümlədən Bakı–Tbilisi–Qars layihəsi ilə başladıq və hazırda bu formatları genişləndiririk”, - deyə o bildirib.
H. Hacıyev qeyd edib ki, Transxəzər əlaqəliliyinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
“Biz Mərkəzi Asiyadan olan qardaş ölkələrlə birlikdə Transxəzər əlaqəliliyini qururuq. Növbəti mərhələ - region üçün əlavə əlaqəlilik təmin edəcək Zəngəzur dəhlizi modeli ola bilər ”, - deyə Prezidentin köməkçisi əlavə edib.