Antalya Diplomatiya Forumunda Cənubi Qafqazın strateji mərkəz olmaq istiqamətində addımladığı vurğulanıb

Aprelin 17-də Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda” mövzusunda panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç, Gürcüstan hökumətinin aparat rəhbəri Levan Jorjoliani və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın mövzu ilə bağlı fikirləri dinlənilib.

Hikmət Hacıyev çıxışında Azərbaycanın regionda sülh gündəliyinə tam sadiq olduğunu, bu istiqamətdə konkret addımlar ataraq, Ermənistan tərəfi ilə praqmatik əməkdaşlıq həyata keçirdiyini deyib: “Bu gün Cənubi Qafqazda real sülh mövcuddur və Azərbaycan bu sülhün möhkəmləndirilməsi üçün bütün səylərini davam etdirəcək. Biz bu istiqamətdə həm siyasi iradə, həm də diplomatik cəsarət nümayiş etdirmişik”.

Qeyd edilib ki, bu addımlar iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət edir. Artıq Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri formalaşmağa başlayır.

Qlobal logistika və təchizat zəncirlərinin pozulmasının Orta Dəhlizin əhəmiyyətini bir daha göstərdiyini qeyd edən Hikmət Hacıyev Azərbaycanın eyni zamanda “dörd dəniz” konsepsiyasını nəzərdən keçirdiyini vurğulayıb.

O bildirib ki, Azərbaycan yalnız Cənubi Qafqaz ölkəsi deyil, eyni zamanda çoxşaxəli geosiyasi kimliyə malik ölkədir.

Gürcüstan hökumətinin aparat rəhbəri Levan Jorjoliani isə sülhə nail olan Azərbaycan və Ermənistan adına çox sevindiklərini ifadə edib.

O, deyib ki, Cənubi Qafqaz ölkələrinin eyni baxışa malik olmaları rifah, sabitlik və sülhün təmin olunması istiqamətində ortaq mövqe nümayiş etdirmələri xalqların daha firavan yaşayacağına qəti inam yaradır.

Digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşərkən Cənubi Qafqazın qlobal güc balanslarının dəyişdiyi və qeyri-müəyyənliklərin dərinləşdiyi bir dövrdə enerji və ticarət dəhlizlərinin kəsişdiyi strateji mərkəz kimi ön plana çıxdığını qeyd ediblər.

Bildirilib ki, regionun artan geosiyasi və iqtisadi əhəmiyyəti sabitliyin qorunmasını həm region ölkələri, həm də qlobal aktorlar üçün vacib edir. Türkiyə isə diplomatiya və əməkdaşlığı önə çəkən konstruktiv yanaşması ilə regional dialoqu gücləndirən, etimadın qurulmasına töhfə verən və regional qeyri-müəyyənliklərin idarə olunmasına dəstək göstərən bir körpü rolunu oynayır.