Antalya forumunda fəal iştirak edən Azərbaycan regional diplomatiyada aktiv rol oynayır - Türk jurnalist

Azərbaycan Prezidenti İlham Əliyevin 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimində iştirak etməsi və tədbir çərçivəsində keçirdiyi görüşlər olduqca önəmli idi və ölkənin xarici siyasət strategiyasının ildən-ilə inkişaf etdiyini göstərdi. Bütün bunlar, həmçinin Azərbaycanın regional diplomatiyada aktiv rolunu və Türkiyə ilə strateji müttəfiqliyini əks etdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türk jurnalist Zəki Gümüş söyləyib.

O bildirib ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri bütün dünyaya məlumdur. Prezident İlham Əliyevin bu foruma əhəmiyyət verərək iştirak etməsi tədbirə əlavə güc və önəm qazandırdı. O, hər zaman olduğu kimi bu platformada da Türkiyənin yanında olduğunu açıq şəkildə nümayiş etdirdi.

“Bölgədə baş verən gərginliklər fonunda Azərbaycan özünü məsuliyyətli və böyük dövlət kimi göstərərək tərəfsiz mövqeyini qorudu və diplomatik təcrübəsini ortaya qoydu. Bu yanaşma Prezident İlham Əliyevin siyasi və diplomatik təcrübəsinin göstəricisi kimi qiymətləndirilir.

Ümumilikdə, Azərbaycan bu forumda həm aktiv iştirakı, həm də regional sabitliyə verdiyi töhfə ilə önəmli rol oynadı və Türkiyə ilə birlikdə sülh və sabitliyin təmin olunmasına yönəlmiş mövqeyini bir daha ortaya qoydu”, - deyə Zəki Gümüş əlavə edib.