Aİ Ermənistana hibrid təhdidlərə qarşı mübarizə üzrə missiyanın göndərilməsini təsdiqlədi

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ermənistanda hibrid təhdidlərə - o cümlədən seçki proseslərinə ölkə xaricindən müdaxilələr, kiberhücumlar və qanunsuz siyasi maliyyələşməyə qarşı mübarizədə Yerevana dəstək olacaq yeni mülki missiyanın təsis olunduğunu təsdiqləyib.

Trend bu haqda Ermənistan mediasına istinadən xəbər verir.

Missiya yaxın aylarda fəaliyyətə başlayacaq və iki illik mandat əldə edəcək. Missiyanın rəsmi adı - “Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyasıdır (EUPM Armenia)” olaraq müəyyən edilib.

Xatırladaq ki, Ermənistan ötən ilin dekabrında missiyanın bərpa olunması xahişi ilə Aİ-yə müraciət etmişdi. Brüssel və İrəvanda aparılan müzakirələrdən sonra Aİ ölkələrinin səfirləri ötən həftə müvafiq qərarı yekdilliklə təsdiqləyiblər.