ABŞ Dövlət Departamenti İranın hava məkanının qismən açılmasından sonra Amerika vətəndaşlarına İranı tərk etməyi tövsiyə edib.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin xarici siyasət qurumunun rəsmi saytında məlumat dərc olunub.
"21 aprel tarixinə olan vəziyyətə görə, İranın hava məkanı qismən yenidən açılıb. ABŞ vətəndaşlarına yerli mediaya istinad edərək aktual məlumatları izləmək və İrandan reyslər barədə əlavə məlumat üçün kommersiya daşıyıcıları ilə məsləhətləşmək şərti ilə ölkəni dərhal tərk etmək tövsiyə olunur. İranı tərk etməyə çalışan amerikalılar bunu quru yolu ilə Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistan üzərindən də həyata keçirə bilərlər”, – məlumatda bildirilir.
Dövlət Departamenti həmçinin, ABŞ vətəndaşlarına Əfqanıstan, İraq və İranla həmsərhəd Pakistan ərazilərinə səfər etməməyi tövsiyə edib.
İran İslam Respublikasını tərk etmək imkanı olmayan amerikalılara növbəti göstərişədək yaşayış yerlərində – evdə, hotellərdə və ya digər binalarda qalmaq, həmçinin pəncərələrdən uzaq durmaq tövsiyə olunub.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşı tətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.