Numan Kurtulmuş: Türkiyənin yeni Konstitusiyaya ehtiyacı var

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ölkə üçün yeni Konstitusiyanın qəbul edilməsinə çağırıb.

AZƏRTAC xəbər verir ki, Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə TBMM-nin Ankarada keçirilən fövqəladə iclasında çıxış edən spiker dövlətin yalnız güclü parlament və qanunun aliliyi ilə çiçəklənə biləcəyini qeyd edib.

O bildirib ki, ən yüksək qanunverici orqanın əhəmiyyəti böhran dövrlərində, daxili ziddiyyətləri aradan qaldırmaq və xarici təzyiqin qarşısını almaq üçün səylər göstərildiyi zaman ən yaxşı şəkildə dərk edilir. Kurtulmuş vurğulayıb: “Milli konsensus məhz TBMM divarları arasında formalaşır. Bu gün Türkiyənin yeni Konstitusiyaya ehtiyacı var. Siyasi sistem münaqişələrin dövriləşdiyi bir yer ola bilməz”.

Parlamentin rəhbəri Türkiyənin yerləşdiyi bölgədəki müasir çağırışlara və gərginliyə diqqət çəkib. “Beynəlxalq qurumlar bu gün iflic vəziyyətindədir və qlobal siyasət böyük bir dönüş nöqtəsi astanasındadır”, - deyə TBMM spikeri bildirib.

Bu gün səhər saatlarında N. Kurtulmuş spiker kürsüsünü 6-cı sinif şagirdi İnci Yıldız Şentürkə təhvil verərək, uşaqların Türkiyənin gələcəyi üçün əhəmiyyətini nümayiş etdirib. Spiker vurğulayıb: “Qüdrətli Türkiyənin yolu güclü uşaq nəsli yetişdirməkdən keçir”.