Prezident Ərdoğan: Türkiyənin Formula 1 yarışlarına yenidən qayıtması çempionata böyük dəyər qatacaq

Türkiyənin 2027-ci ildən etibarən Formula 1 yarışlarına yenidən qayıtması çempionata böyük dəyər qatacaq. “İstanbul Park” 2027–2031-ci illər arasında tam 5 mövsüm boyunca diqqət çəkən, həyəcanlı və izləmə zövqü yüksək yarışlara ev sahibliyi edəcək.

 

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Formula 1 Türkiyə Qran-Prisinin Tanıtım Proqramında çıxışı zamanı bildirib.

Prezident Ərdoğan qeyd edib ki, Türkiyə daha əvvəl 9 dəfə Formula 1 yarışlarını qəbul edib və bu yarışlar həm yüksək tamaşaçı marağı, həm də unudulmaz anlarla yadda qalıb. Xüsusilə pandemiya dövründə yarışların keçirilməsi ölkənin bu idmana verdiyi önəmi göstərib.

O, Türkiyənin güclü təşkilatçılıq qabiliyyəti, müasir infrastrukturu və qonaqpərvərliyi sayəsində yenidən uğurlu yarışlara ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.