Azərbaycan və gürcü xalqları arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən “Azərbaycan Evi” – Fotoreportaj

Bu gün dünyanın bir çox ölkəsində, eləcə də Gürcüstanda yaşayan azərbaycanlıların sosial problemlərinin həlli, onların vahid Azərbaycançılıq ideyası ətrafında birləşmələri, vətənə bağlılığının artırılması, milli-mənəvi dəyərlərimizi qorunması və təbliği üçün fəaliyyətlərinin genişləndirilməsi, yaşadıqları ölkələrə inteqrasiyasına dəstək məqsədilə Azərbaycan dövləti tərəfindən bir sıra ciddi addımlar atılır, müxtəlif strukturlar yaradılır. Bəzi ölkələrdəki səfirliklərin və baş konsulluqların nəzdində “Bazar günü məktəb”ləri, eləcə də müstəqil inteqrasiya mərkəzləri və ya “Azərbaycan Evi” yaradılır. Bunlardan biri də Gürcüstanın Marneuli şəhərində yaradılmış “Azərbaycan Evi” və “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”dir.

AZƏRTAC-ın Gürcüstan üzrə müxbirinin “Azərbaycan Evi”ndən hazırladığı xüsusi reportajı təqdim edirik.

Qeyd edək ki, Marneulinin mərkəzində 2020-ci ildən Azərbaycan dövlətinin dəstəyi ilə fəaliyyət göstərir “Azərbaycan Evi” artıq Gürcüstanda yaşayan soydaşlarımızın icmasının əsas mədəni və ictimai mərkəzlərindən biri kimi formalaşıb. Binanın qarşısındakı park, tələbə, şagird və müəllimlərin dərsdən sonra və ya tənəffüslər zamanı istirahəti üçün mühüm rol oynayır. Binaya daxil olarkən Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Gürcüstana səfərlərini, keçirdiyi görüşləri əks etdirən fotoguşə göz oxşayır. İkimərtəbəli binada geniş idman zalı, konfrans zalı, kompüter otağı, dərs otaqları var.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov bildirib ki, bu qurumun əsas məqsədi soydaşlarımızın mədəni həyatını inkişaf etdirmək, milli-mənəvi dəyərləri qorumaq, dilimizin, musiqimizin və adət-ənənələrimizin yaşadılmasını təmin etməkdir. Eyni zamanda, gənc nəslin milli kimliyə bağlılığını gücləndirmək və onların ictimai fəallığını artırmaq prioritet istiqamətlərdəndir. Burada müxtəlif mədəni tədbirlər, görüşlər, konsertlər, sərgilər və maarifləndirici proqramlar təşkil olunur. Paralel olaraq gənclərin inkişafına yönəlmiş seminarlar və təlimlər də keçirilir. Bu fəaliyyətlər yalnız tədbir xarakteri daşımır, həm də icma daxilində davamlı sosial və mədəni inkişaf mühiti formalaşdırır.

Onun sözlərinə görə, “Azərbaycan Evi” icma həyatında çox mühüm rol oynayır. “Azərbaycan Evi” icma üzvlərinin bir araya gəldiyi, yeni sosial təşəbbüslərin formalaşdığı əsas platformadır. Burada gənclərin daha aktiv, təşəbbüskar və ictimai proseslərə inteqrasiya olunmuş fərdlər kimi yetişməsi üçün şərait yaradılır.

M.İmanov deyir ki, bu mərkəzin fəaliyyəti yalnız Marneuli ilə məhdudlaşmır. “Azərbaycan Evi” Marneulidə yerləşsə də, onun fəaliyyəti daha geniş coğrafiyanı əhatə edir. Bolnisi, Dmanisi, Qardabani, Telavi, Sagarejo, Rustavi və paytaxt Tbilisi kimi müxtəlif bölgələrdən olan soydaşlarımız da mərkəzin fəaliyyətində fəal iştirak edirlər. Bu isə mərkəzin regional inteqrasiya baxımından əhəmiyyətini artırır.

Məlumat üçün qeyd edək ki, mərkəzdə keçirilən tədbirlər arasında xüsusi əhəmiyyət daşıyanlar da var. Burada Azərbaycan və Gürcüstanın tarixi günləri ilə bağlı tədbirlər mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər formal xarakter daşımır, əksinə, iki xalq arasında mədəni əlaqələrin və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Maraqlıdır ki, “Azərbaycan Evi”nin nəzdində müasir standartlara cavab verən idman arenası fəaliyyət göstərir. Buradan həm azərbaycanlı, həm də gürcü gənclər istifadə edirlər. Bundan əlavə, gənclərin inkişafına yönəlmiş müxtəlif təlim və fəaliyyətlər də həyata keçirilir ki, bu da onların sosial və fiziki inkişafına töhfə verir.

M.İmanovun sözlərinə görə, “Azərbaycan Evi” beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu istiqamətdə mühüm əməkdaşlıq mövcuddur. Xüsusilə TİKA ilə əməkdaşlıq sayəsində “Azərbaycan Evi”ndə yüksək səviyyəli robotik və kompüter otağı hazırlanaraq istifadəyə verilib. Bu müasir texnoloji imkanlar gənclərin informasiya texnologiyalarına və robotikaya marağını ciddi şəkildə artırıb, onların bilik və bacarıqlarının inkişafına real şərait yaradıb.

Əsas məqsəd gənclərin sağlam həyat tərzinə təşviq olunması, onların zərərli vərdişlərdən uzaq qalması və sosial baxımdan fəal fərdlər kimi formalaşması da “Azərbaycan Evi”nin qarşısında duran vəzifələrdən biridir. İdman və təhsil vasitəsilə gənclər arasında əməkdaşlıq və dostluq münasibətləri gücləndirilir.

Ümumiyyətlə qeyd edək ki, “Azərbaycan Evi” Gürcüstandakı azərbaycanlı icmasının mədəni, sosial və təhsil həyatında mühüm rol oynayan bir mərkəzdir. Onun fəaliyyəti milli dəyərlərin qorunmasına, gənclərin inkişafına, texnoloji biliklərin artırılmasına və ümumilikdə icmalararası əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Onu da qeyd edək ki, “Azərbaycan Evi”nin yerləşdiyi binada “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi” də (GAİM) fəaliyyət göstərir.

M.İmanov həm də GAİM-in icraçı direktordur. O deyir ki, mərkəz Azərbaycan dövlətinin dəstəyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə fəaliyyət göstərir. Əsas məqsəd Gürcüstanda yaşayan azərbaycanlı icmanın sosial, təhsil və mədəni inkişafına töhfə verməkdir. “Biz çalışırıq ki, burada yaradılan imkanlar vasitəsilə gənclər bilik və bacarıqlar əldə etsinlər, eyni zamanda yaşadığımız ölkənin ictimai, sosial və mədəni mühitinə uyğun şəkildə inkişaf etsinlər. Milli-mənəvi dəyərlərin qorunması və təbliği də fəaliyyətimizin əsas prioritetlərindəndir”, – deyə İmanov vurğulayıb.

Bildirilib ki, mərkəzdə hər cür yüksək şərait və müasir infrastruktur mövcuddur. İcmada öz peşəkarlığı ilə seçilən təcrübəli müəllimlər, fəal tələbələr və ictimaiyyət nümayəndələri üçün də açıq bir platformaya çevrilib. Onlar burada öz fəaliyyətlərini rahat və səmərəli şəkildə təşkil edir, müxtəlif tədris, təlim və ictimai layihələr həyata keçirirlər.

Hazırda mərkəzdə 110-dan çox şagird müxtəlif istiqamətlər üzrə təhsil alır. Tədris prosesi peşəkar, ixtisaslı və təcrübəli müəllim heyəti tərəfindən həyata keçirilir. Müasir yanaşmaların tətbiqi və fərdi diqqət prinsipi gənclərin daha keyfiyyətli biliklər əldə etməsinə şərait yaradır və onların gələcək uğurları üçün möhkəm baza formalaşdırır. Eyni zamanda mərkəzdə təşkil olunan müxtəlif proqramlar və layihələr həm şagirdlər, həm də müəllim və ictimai fəallar üçün geniş inkişaf imkanları yaradır.

Ümumiyyətlə, GAİM soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyasında çox mühüm rol oynayır. GAİM-də müxtəlif kursları bitirən 600-dən çox gənc Gürcüstanın müxtəlif universitetlərinə qəbul olunublar.

Dil hazırlığı çərçivəsində gürcü və ingilis dilləri tədris olunur. Eyni zamanda, Azərbaycan dili və ədəbiyyatı, o cümlədən poeziya dərsləri xüsusi yer tutur. Bu istiqamət gənclərin ana dilini daha dərindən öyrənməsinə, klassik və müasir ədəbiyyatla tanış olmasına və poeziya vasitəsilə milli-mənəvi düşüncə dünyasının zənginləşməsinə xidmət edir.

Bununla yanaşı, gürcü dili və ədəbiyyatı, o cümlədən gürcü poeziyası da proqramda mühüm yer tutur. Bu, gənclərin yaşadığımız ölkənin mədəni irsini daha dərindən mənimsəməsinə, gürcü ədəbiyyatının zəngin poetik ənənələri ilə tanış olmasına və iki xalq arasında mədəni yaxınlığın güclənməsinə xidmət edir.

M.İmanov onu da bildirib ki, texnologiya sahəsində kompüter kursları, proqramlaşdırma və ofis proqramları üzrə təlimlər keçirilir. Bundan əlavə, gənclərin intellektual və fiziki inkişafına yönəlmiş şahmat, cüdo və yunan-roma güləşi kimi idman növləri üzrə fəaliyyətlər təşkil olunur. Yaradıcılıq və incəsənət sahəsində rəsm və təsviri incəsənət, eləcə də saz kursları fəaliyyət göstərir. Mədəniyyət istiqamətində isə Azərbaycan və gürcü milli rəqslərinin tədrisi həyata keçirilir. Mərkəzdə həyata keçirilən fəaliyyətlər gənclərin hərtərəfli inkişafında mühüm rol oynayır.

Gələcək planlar və hədəflərdə danışan direktor deyib: “Gələcəkdə mərkəzin fəaliyyətini daha da genişləndirmək, yeni istiqamətlər əlavə etmək və daha çox gənci bu imkanlardan yararlandırmaq əsas hədəflərimiz sırasındadır. Eyni zamanda, mərkəzdə yaradılan yüksək şəraitin imkanlarından istifadə edərək müəllimlərin, tələbələrin və ictimai fəalların birgə fəaliyyəti üçün platformanın daha da gücləndirilməsi, layihələrin genişləndirilməsi və region gənclərinin potensialının daha səmərəli şəkildə üzə çıxarılması istiqamətində fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq”.