COP29-dan sonra WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün böyük uğurdur. Cari həftə ərzində ölkənin bir çox bölgəsində WUF13 çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində media nümayəndələri üçün keçirilən məlumatlandırma sessiyasında BMT-nin Məskunlaşma Proqramının (UN - Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina deyib.
Bakıda keçiriləcək WUF13 çərçivəsində dünya ölkələrinin bir araya toplaşacağını xatırladan Katerina Bezqaçina vurğulayıb ki, forumun əsas mövzusu “Dünya üçün mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar”dır. Onun sözlərinə görə, müzakirələr məhz bu istiqamətdə aparılacaq.
“Bu mövzunun seçilməsi təsadüfi deyil. Hazırda dünyada məskunlaşma və mənzillə təminat sahəsində ciddi qlobal böhran müşahidə olunur. Sürətli urbanizasiya, iqlim dəyişiklikləri və sosial bərabərsizliklər şəhərlərin inkişafında yeni çağırışlar yaradır”, -deyə BMT-nin nümayəndəsi bildirib
O qeyd edib ki, WUF13 çərçivəsində növbəti 10 il üçün əsas prioritetlərin müəyyənləşdirilməsi, dayanıqlı şəhərsalma və inklüziv yaşayış mühitinin formalaşdırılması istiqamətində mühüm qərarların qəbul ediləcəyi gözlənilir.