Azərbaycan və Efiopiya arasında müdafiə sazişi ratifikasiya edildi

Milli Məclis Azərbaycan və Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş ratifikasiya edib.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Saziş 2026-cı il 27 fevral tarixində Bakı şəhərində imzalanıb.

Sazişin əsas məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq üçün hüquqi çərçivə yaratmaq, müdafiə sahəsində əməkdaşlığın beynəlxalq sülh və sabitliyi təşviq etdiyini nəzərə alaraq müvafiq istiqamətlər üzrə ikitərəfli əlaqələri (hərbi təhsil, məşq, təlim, mülki-hərbi əməkdaşlıq, sülhməramlı və humanitar əməliyyatlar, maddi-texniki təminat, hərbi-texniki əməkdaşlıq və sairə istiqamətlərdə) genişləndirmək və möhkəmləndirməkdir.

Sazişdə əməkdaşlığın formaları kimi rəsmi səfərlər və işgüzar görüşlər, hərbi təhsil, treninq, ikitərəfli danışıqlar, məsləhətləşmələr, hərbi təlimlərdə iştirak, müdafiə sərgilərində iştirak, hərbi və mülki heyətlərin səfərləri və s. nəzərdə tutulur.

Sazişin həyata keçirilməsi üçün həvalə edilmiş səlahiyyətli orqan hər iki ölkənin Müdafiə Nazirliyidir.

Sazişdə həmçinin maliyyə məsələləri, məlumatların mübadiləsi, mühafizəsi, intizam prosedurları fövqəladə hallar və digər mühüm istiqamətlərə və məsələlərə dair müddəalar da əks olunub.

Sazişin digər müddəaları onun qüvvəyə minməsinə dair zəruri dövlətdaxili prosedurları, Sazişin ləğvi və digər məsələləri tənzimləyir.

“Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.