İndoneziya 2027-ci ildə Azərbaycanla layihələrin yol xəritəsini hazırlayacaq - EKSKLÜZİV

İndoneziya artıq 2027-ci ildə Azərbaycanla bütün birgə layihələrin həyata keçirilməsi üzrə yol xəritəsini formalaşdırmağı planlaşdırır.

Bu barədə "Report"un müxbirinə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi bildirib.

"Növbəti il biz nazirlər səviyyəsində keçirilən görüşlər zamanı əldə olunmuş bütün razılaşmaların icrasını davam etdirmək və onları konkret yol xəritəsi və layihələr siyahısı şəklində rəsmiləşdirmək niyyətindəyik. Yol xəritəsi artıq növbəti il hazırlanacaq", - o deyib.

Səfir Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanı vurğulayıb. Onun sözlərinə görə, son vaxtlar ölkə hökumətinin nümayəndələri ilə bir sıra məzmunlu görüşlər keçirilib.

"Səfirliyimizin Azərbaycan nazirləri ilə çoxlu ciddi görüşləri olub. Danışıqların tempi həm iqtisadi, həm də siyasi əməkdaşlıqda yaxşı perspektivlər vəd edir", - səfir bildirib.

Berlian Helmi əlavə edib ki, ölkələr arasında qarşılıqlı əlaqə fəal inkişaf edir və artıq konkret nəticələr verir.

"Əməkdaşlıq məhsuldar və konstruktivdir. Əldə olunmuş bir çox razılaşmalar gələcəkdə həyata keçirilməlidir", - diplomat qeyd edib.