Azərbaycan unikal bərpa və quruculuq modelini təqdim edir - Hikmət Hacıyev

Bu səfərimiz diplomatik korpusun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə 21-ci səfəridir, 2020-ci ilin noyabrında, yəni torpaqlarımız işğaldan azad olunandan dərhal sonra Prezident İlham Əliyevin tapşırığı əsasında mütəmadi olaraq bu qəbildən olan səfərlər təşkil edilir. Burada məqsəd diplomatik korpusun işğaldan azad olunmuş ərazilərimizdəki vəziyyətlə yerində tanış olmasından ibarətdir.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən dövr ərzində diplomatik korpus ilk növbədə buradakı dağıntılarla, yəni işğal dövründə Ermənistan tərəfindən bu torpaqlarımızda törədilmiş dağıntılar, ərazilərin viran qoyulması halları ilə yerində tanış olublar. Ötən müddət ərzində ərazilərin transformasiyası, bərpa və quruculuq işlərinin gedişatı ilə də tanış olmaqda davam edirlər.

“Ona görə də bugünkü səfərimizdə də diplomatik korpusun təəssüratları çox yüksəkdir. Xüsusilə hal-hazırda səfərimiz Xankəndi şəhərində davam edir və biz Xocalı abidəsinin, Xocalı soyqırımı memorialının ziyarəti ilə başladıq. Xankəndi şəhərində müxtəlif məntəqələrdə olduq, eləcə də Xankəndi Universitetini ziyarət etdik, tələbələrin yaradıcılıq fəaliyyəti ilə, təhsil fəaliyyəti ilə tanış olduq.

Bundan sonra da səfərimiz Şuşa şəhərinə, Laçın şəhərlərinə doğru davam edəcək və yerində görülən bərpa və quruculuq işləri, insanların qayıdışı və bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun dövlət başçısının siyasəti əsasında transformasiyası ilə, yenidən qurulması ilə əyani şəkildə tanış olacaqlar”.

H.Hacıyevin sözlərinə görə, diplomatik korpusun, ümumiyyətlə, beynəlxalq ictimaiyyətin rəyi ondan ibarətdir ki, Azərbaycan Respublikası çox unikal bir bərpa və quruculuq, yəni post-münaqişə şəraitində unikal bərpa və quruculuq modelini və nümunəsini təqdim edir.

“Yəni dünyanın heç bir bölgəsində belə bir təcrübə yoxdur o mənada ki, Azərbaycan Respublikası öz daxili imkanları, öz maliyyə imkanları, özünün inzibati resursları hesabına qısa müddət ərzində bu cür bərpa və quruculuq işlərini həyata keçirib”, - deyə o fikrini yekunlaşdırıb.