FAO Qarabağda yeni layihələrin həyata keçiriləcəyinə ümid edir - Məhəmməd Nasar Həyat

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Qarabağda yeni layihələrin həyata keçiriləcəyinə ümid edir.

Trend xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı nümayəndəsi Məhəmməd Nasar Həyat Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“FAO bir sıra layihələr həyata keçirir, lakin ölkənin bu hissəsində xüsusilə Ağalıda layihəmiz var və biz burada , Azərbaycanda rəqəmsal kəndlər təşəbbüsünü dəstəkləyirik. Həmçinin bu regionda yeni layihələrin həyata keçiriləcəyinə ümid edirik”,- deyə o əlavə edib.

Məhəmməd Nasar Həyat bu bölgədə bir neçə dəfə olduğunu qeyd edib:

“Hər dəfə bura gələndə daha böyük inkişaf və irəliləyişin şahidi oluram. Azərbaycanın bu hissəsində təbiətin, mədəniyyətin və tarixin necə qorunduğunu müşahidə etmək çox maraqlıdır. Hesab edirəm ki, Azərbaycan burada həqiqətən valehedici işlər görüb”.

 

Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edirlər.

İki gün davam edəcək səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir.

Səfər zamanı iştirakçılar regionda aparılan yenidənqurma və bərpa işləri ilə yerindəcə tanış olmaq, habelə sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət etmək imkanı əldə edəcəklər.