Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzurda bərpa, iqtisadi inkişaf layihələri ilə tanışlığı davam edir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına təşkil edilən səfərin ikinci günündə iştirakçılar Laçın rayonuna yola düşüblər.

Trend xəbər verir ki, səfər çərçivəsində Laçın şəhərində yerləşən “Zerti Aqro Sənaye Parkı”nda fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, efir yağları istehsalı və heyvan saxlama müəssisələri, eləcə də istixana və fidanlıq komplekslərinin fəaliyyəti ilə tanışlıq planlaşdırılır.

Diplomatların "Laçın" İstirahət Kompleksinin ziyarəti də nəzərdə tutulur.

Qeyd edək ki, bu səfər diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə sayca 21-ci səfəridir. Bu cür səfərlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin miqyasını və əldə olunan nəticələr barədə obyektiv təsəvvür formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.