Əli Əsədov konfransda Nikol Paşinyanın CAVABINI VERDİ

4-cü Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Ermənistan Baş nazirinin ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğu ilə bağlı səsləndirdiyi fikirlərini şərh edib.

Trend xəbər verir ki, Ə.Əsədov deyib ki, Azərbaycan hələ İkinci Qarabağ müharibəsi bitəndən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı öz mövqeyini bildirib.

“Eyni zamanda, keçən ay həyata keçirilən lokal antiterror tədbirlərindən sonra da Azərbaycan sülh müqaviləsi ilə bağlı mövqeyinə eyni dərəcədə sadiq qalıb”, - baş nazir qeyd edib.

Nəqliyyatla bağlı məsələlərə toxunan Ə.Əsədov Azərbaycanın 2020-ci ildə imzalanmış Üçtərəfli bəyanata uyğun olaraq kommunikasiyaların açılması məsələsi üzərində uzun müddət çalışdığını, öz mövqeyini bildirdiyini vurğulayıb.

“Biz kommunikasiyaların açılmasını istəyirik. Ancaq bu, tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq”, - deyə baş nazir əlavə edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə IV Beynəlxalq İpək Yolu Forumunda çıxış edərkən Ermənistanın regionda bütün kommunikasiyaların açılmasına hazır olduğunu bildirib. Eyni zamanda, o, qarşıdakı aylarda Azərbaycanla sülh sazişi imzalanacağına ümid etdiyini deyib.