Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 4-də Türkiyənin yeni istehsal olunmuş “Togg” elektromobili Azərbaycan Prezidentinə təqdim olundu. Bu, hər iki ölkənin həyatında baş verən çox önəmli bir hadisədir. Bu hadisə, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının daha bir simvoludur.
Bu fikirləri DHA Press-ə açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.
“Şübhəsiz ki, həm Türkiyə, həm də Azərbaycan ötən dövrlərdə çətin sınaqlardan birlikdə üzüağ, alnıaçıq çıxdılar. İki qardaş ölkə hər zaman bir-birinə dəstək oldular. Son illər Türkiyə dövlətinin hərbi sənaye və avtomobil istehsalı sahələrində necə yeniliklər etdiyinin şahidi oluruq və bütün bunlar bizi çox sevindirir. Türkiyə dövləti illərdir bunun üçün çalışırdı və siyasətini bu yöndə qururdu. Sirr deyil ki, innovasiya və yeni texnologiyaların inkişafı bu gün dünyada bütün dövlətlər üçün prioritet hesab olunur. Lakin heç də bütün dövlətlər bu sahədə uğur qazana bilmir. Hərbi sənaye və innovativ texnologiyalar sahələrində liderlik edən dövlətlər çalışırlar ki, bu istiqamətlərdə inhisarı əldə saxlayaraq digər dövlətləri özlərindən asılı vəziyyətdə saxlasınlar. Bir neçə gün əvvəl Prezident İlham Əliyevə Türkiyənin son texnoloji məhsullarından olan “Togg” elektromobilinin təqdim olunması dünyaya bu istiqamətdə verilən çox önəmli bir mesajdır. Bu gün həm Türkiyə, həm də Azərbaycan hərbi sənaye, neft sənayesi və iqtisadiyyatın digər sahələrində yeni texnologiyalardan fəal şəkildə istifadə edirlər. Şübhəsiz ki, bu, hər iki ölkənin iqtisadiyyatlarının inkişafı və əhalinin sosial durumunun yaxşılaşması baxımından da mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, “Togg” elektromobili istehsal edən müəssisənin illik istehsal gücü 175 min ədədə çatdıqda 4300 nəfərin işlə təmin olunması planlaşdırılır. Bu isə Türkiyədə məşğulluğun təmin olunması istiqamətində atılan daha bir mühüm addımdır”, - deyə QHT sədri diqqətə çatdırıb.
V.Əhmədov deyib ki, adından da göründüyü kimi, yeni avtomobillərin elektriklə işləməsi Türkiyənin ətraf mühit və ekoloji məsələlərə nə qədər önəm verməsinin göstəricisidir. Dünyanın aparıcı ölkələrinin elektrik avtomobillərə keçməyə çalışdığı bir dönəmdə bu istehsal Türkiyə avtomobil sənayesində inqilabi addım və yenilikdir. Məhz buna görə ekspertlər “Togg”un istehsalını Türkiyənin 60 illik xəyalının gerçəkləşməsi kimi qiymətləndirirlər. Bu istehsalla Türkiyə bir çox inkişaf proseslərini qabaqlamış oldu, habelə dünyanın yaşıl və alternativ enerjiyə keçidlə bağlı konsepsiyasını uğurla tətbiq etdi.
“Sirr deyil ki, dünyanın qlobal gücləri son 100 ildə Türkiyəni enerji sınağı ilə imtahana çəkiblər. Çətin anlarda Azərbaycan hər zaman bu sahədə qardaş ölkəyə dəstək olub. Yeri gəlmişkən, öz ərazisində enerji yataqlarının istismarını yasaqlayan Lozanna razılaşmasının da bu il 100 ili tamam olur. Türkiyə məhz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə atdığı bu addımlarla sübut etdi ki, strateji önəm daşıyan sahələrdə, texnologiya və hərbi sənayedə özünü təmin etməyə qadir bir dövlətdir və hər hansısa xarici amildən asılılığı qalmayacaq.
Bu gün tam əminliklə deyə bilərik ki, Türkiyə dövləti bu istiqamətdə çox ciddi addımlar atır. Təbii ki, son illər qardaş dövlətin qazandığı hər bir uğur Azərbaycan cəmiyyətini və ictimaiyyətini də çox sevindirir”, - deyə Vüqar Əhmədov vurğulayıb.