Artan geosiyasi turbulentlik və qlobal təhlükəsizlik və iqtisadiyyat arxitekturasının transformasiyası fonunda Azərbaycana Avropanın yüksək vəzifəli liderlərinin ard-arda səfərləri həyata keçirilir ki, bu da özlüyündə ölkənin Avropa üçün etibarlı və strateji əhəmiyyətli tərəfdaş kimi artan rolunun göstəricisinə çevrilir. Bu kontekstdə İtaliyanın baş naziri Ciorcia Meloninin qarşıdan gələn səfəri xüsusi əhəmiyyət kəsb edir və bu, təkcə ikitərəfli münasibətlərin dayanıqlığını deyil, həm də onların energetika, nəqliyyat, investisiyalar, rəqəmsal iqtisadiyyat və humanitar sahələri əhatə edən çoxşaxəli strateji tərəfdaşlığa mərhələli transformasiyasını əks etdirir.
Məhz enerji sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin əsasını təşkil edir və digər bütün istiqamətlərin dinamikasını müəyyənləşdirir. 2025-ci ildə Transadriatik qaz kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz tədarükü 9,5 milyard kubmetrə çataraq İtaliyanın ümumi qaz idxalının təxminən 16 faizini təşkil edib. TAP-ın istismara verildiyi vaxtdan etibarən ümumi tədarük həcmi 42 milyard kubmetri ötüb ki, bu da Azərbaycanın Avropanın enerji arxitekturasına yüksək səviyyədə inteqrasiyasını göstərir. Bundan əlavə, 2025-ci ildə Azərbaycanın Avropa İttifaqı ölkələrinə ümumi qaz ixracı 12,5 milyard kubmetr təşkil edib və bu göstərici 2021-ci illə müqayisədə 53,8 faiz artıb ki, bu da Avropanın yeni enerji balansı şərtlərinə sürətlə uyğunlaşmasını əks etdirir.
Bu tərəfdaşlığın institulaşdırılmasında 2022-ci ilin iyulunda Bakıda Ursula fon der Lyayenin iştirakı ilə imzalanmış Aİ–Azərbaycan strateji enerji əməkdaşlığı üzrə Memorandum xüsusi rol oynayıb. Sənəddə 2027-ci ilə qədər Avropaya qaz tədarükünün illik 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması məqsədi təsbit olunub. Artıq bu razılaşmaların praktik icrası müşahidə olunur: 2026-cı ilin yanvarında istismara verilmiş TAP-ın genişləndirilməsinin ilk mərhələsi əlavə 1,2 milyard kubmetr ötürücülük qabiliyyəti təmin edib ki, bunun da 1 milyardı İtaliyaya yönəldilir. Bu, sadəcə kəmiyyət artımı deyil, həm də İtaliyanın Cənubi Avropanın əsas enerji qovşağı kimi rolunun keyfiyyətcə güclənməsidir.
Azərbaycan qazının İtaliya üçün əhəmiyyəti ələlxüsus da qlobal enerji bazarlarında qeyri-sabitliyin hökm sürdüyü bir şəraitdə artıb . Qətərdən tədarükün dayandırılmasına cavab olaraq Romanın ABŞ, Azərbaycan və Əlcəzair kimi təchizatçılarla apardığı danışıqlar şaxələndirmə və ayrı-ayrı mənbələrdən asılılığın azaldılması istiqamətində addımları əks etdirir. Bu fonda Azərbaycan fasiləsiz tədarük təmin edə bilən ən etibarlı tərəfdaşlardan biri kimi qiymətləndirilir. Təsadüfi deyil ki, İtaliya tərəfi TAP-ın Xəzər regionunu birbaşa Avropa bazarları ilə birləşdirən və enerji axınlarının çevikliyini və şəffaflığını təmin edən strateji infrastruktur kimi əhəmiyyətini vurğulayır.
Enerji əməkdaşlığının genişlənməsi ikitərəfli çərçivəni aşaraq ümumavropa əhəmiyyəti qazanır. 2026-cı ilin yanvarından etibarən İtaliya vasitəsilə Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlanılıb ki, bu da İtaliyanın tranzit qovşağı kimi rolunu faktiki olaraq gücləndirib və onun Avropanın enerji təhlükəsizliyi sistemindəki əhəmiyyətini təsdiqləyib. Beləliklə, Bakı ilə Roma arasında enerji əməkdaşlığı yalnız ikitərəfli resurs deyil, həm də Avropa və Avrasiya enerji məkanlarının inteqrasiyasının mühüm elementi kimi çıxış edir.
Paralel olaraq enerji dialoqunun “yaşıl” gündəliyə doğru tədricən transformasiyası baş verir. Bərpa olunan enerji mənbələri sahəsində qlobal liderlərdən biri olan İtaliyanın təcrübəsi enerji balansının şaxələndirilməsi strategiyasını həyata keçirən Azərbaycan üçün xüsusi maraq kəsb edir. “CESI SpA” şirkətinin “Xəzər – Qara dəniz – Avropa” və “Mərkəzi Asiya – Azərbaycan” “yaşıl enerji" dəhlizləri üzrə texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında iştirakı yeni enerji coğrafiyasının formalaşdığını göstərir. Bu modeldə bərpa olunan enerji mənbələri ənənəvi resursları tədricən tamamlayır. “Xəzər - Qara dəniz- Avropa” dəhlizinin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi regionun karbonsuzlaşdırılmasında və enerji bağlılığının gücləndirilməsində əsas elementlərdən birinə çevrilə bilər.
Əməkdaşlığın investisiya ölçüsü də keyfiyyətdəki dəyişiklikləri əks etdirir. Azərbaycan Dövlət Neft Fondunun İtaliyadakı layihələrə qoşulması, o cümlədən “Enfinity Global” şirkətinin günəş elektrik stansiyaları portfelində 49 faizlik payın əldə edilməsi “təchizatçı-istehlakçı” modelindən qarşılıqlı investisiyalar və risklərin bölüşdürülməsi modelinə keçidi əks etdirir. Eynilə, “BlackRock”un idarə etdiyi “Global Infrastructure Partners” fondu vasitəsilə “Italo – Nuovo Trasporto Viaggiatori S.p.A” nəqliyyat şirkətinə yatırımlar investisiyaların şaxələndirilməsini və iqtisadi qarşılıqlı asılılığın dərinləşməsini nümayiş etdirir.
Enerji və investisiya əməkdaşlığının məntiqi davamı kimi nəqliyyat-logistika sahəsində tərəfdaşlıq inkişaf edir və burada Orta Dəhliz mərkəzi yer tutur. İtaliya Azərbaycan üçün “Avropaya qapı” rolunu oynayırsa , Azərbaycan da Roma üçün Mərkəzi Asiyaya strateji çıxış nöqtəsinə çevrilir. Bu marşrutun inkişafına İtaliyanın marağı Avropa ilə Asiya arasında nəqliyyat yollarının şaxələndirilməsinə yönəlmiş daha geniş Avropa tendensiyasını əks etdirir. Bu kontekstdə Cənubi Qafqaz və Mərkəzi Asiya həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyət qazanır, dəhliz boyunca infrastruktur layihələrinin həyata keçirilməsi isə regionun həm iqtisadi inteqrasiyasına, həm də siyasi sabitliyinə töhfə verir. İtaliyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyi təhlükəsizlik və iqtisadiyyat arasındakı qarşılıqlı əlaqəni bir daha önə çəkir.
Daha geniş aspektdə iqtisadi əməkdaşlıq da davamlı müsbət dinamika və institusional inkişaf nümayiş etdirir. Hökumətlərarası komissiyanın altıncı iclası və 2026–2027-ci illəri əhatə edən, 18 istiqamət üzrə 65 tədbiri nəzərdə tutan fəaliyyət planının təsdiqi daha kompleks əməkdaşlıq modelinə keçidi rəsmiləşdirib. Bu model artıq energetika ilə məhdudlaşmır və sənaye, nəqliyyat, maliyyə, rəqəmsal texnologiyalar və investisiyaları da əhatə edir. Biznes forumların keçirilməsi və şirkətlər arasında təmasların intensivləşməsi dayanıqlı horizontal əlaqələrin formalaşmasına xidmət edir ki, bu da qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində xüsusi önəm kəsb edir.
Konkret iqtisadi göstəricilər də bu tendensiyanı təsdiqləyir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,1 faiz artaraq 11,86 milyard dollara yüksəlib. İtaliya Azərbaycan məhsulları üçün ən böyük ixrac bazarı olaraq qalır, 13,1 milyon ton həcmində və 6,7 milyard dollar dəyərində neft və neft məhsullarının tədarükü isə onun əsas enerji tərəfdaşı statusunu möhkəmləndirir. Eyni zamanda investisiya fəallığı da artır: İtaliyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları üç dəfədən çox artıb, Azərbaycanın İtaliyaya yatırımları isə 125,1 milyon dollara çatıb ki, bu da bir-birlərinin bazarlarında uzunmüddətli iştiraka qarşlılıqlı marağın olmasından xəbər verir.
Bununla yanaşı, maliyyə texnologiyaları və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq da genişlənir. Azərbaycan Mərkəzi Bankı ilə “Numia” və “Bancomat” kimi İtaliya şirkətləri arasında aparılan müzakirələr innovativ həllərin inteqrasiyası və qabaqcıl təcrübə mübadiləsi istiqamətində tərəflərin marağını əks etdirir və gələcəkdə iki iqtisadiyyat arasında maliyyə bağlılığını daha da gücləndirə bilər.
Nəhayət, humanitar əməkdaşlıq bu münasibətlərə əlavə dərinlik və dayanıqlıq qazandırır. Vatikanla əməkdaşlığın əsası 2012-ci ildə imzalanmış sazişlə qoyulub və sonrakı illərdə mərhələli şəkildə genişlənərək Müqəddəs Marçellinio və Pyotr, eləcə də Müqəddəs Sebastyan katakombalarının bərpası və ictimai açılışı ilə davam edib. 2016, 2018 və 2021-ci illərdə imzalanmış sənədlər bu əməkdaşlığın daha da möhkəmlənməsinə və dayanıqlı xarakter almasına töhfə verib.
Fondun Papa Müqəddəs Arxeologiya Komissiyası ilə birgə katakombaların bərpası, Vatikan Apostol Kitabxanası ilə əlyazmaların rəqəmsallaşdırılması, Vatikan muzeylərində, Müqəddəs Pyotr Kafedralında və Müqəddəs Pavel Bazilikasında bərpa işləri, həmçinin Müqəddəs Taxt-Tacın ekstraterritorial ərazisi hesab olunan "Bambino Gesu" pediatrik xəstəxanası ilə əməkdaşlıq layihələri xüsusi yer tutur.
Beləliklə, Ciorcia Meloninin Azərbaycana qarşıdan gələn səfəri ikitərəfli münasibətlərin yeni yetkinlik və şaxələndirmə mərhələsinə çatdığı bir dövrə təsadüf edir. Energetika bu münasibətlərin əsas sütunu olaraq qalır, lakin enerji, nəqliyyat, investisiya və humanitar ölçülərin vəhdəti bu tərəfdaşlığı həqiqətən çoxbucaqlı edir. Qlobal böhranlar və dünya iqtisadiyyatının transformasiyası şəraitində belə əməkdaşlığın möhkəmləndirilməsi təkcə hər iki ölkənin milli maraqlarına cavab vermir, həm də Avropa ilə Asiya arasında dayanıqlı əlaqələrin formalaşmasına töhfə verir.