Media: Ankaradakı mənbələr Ermənistanla sərhədin açılma tarixi ilə bağlı xəbərləri təkzib ediblər

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr Ermənistanla sərhədin açılma tarixi ilə bağlı mediada yayılan məlumatları təkzib ediblər.

AZƏRTAC xəbər verir ki, Ankaradakı diplomatik mənbələr Ermənistanla sərhəd-keçid məntəqəsinin açılışının dəqiq tarixinin müəyyən edilmədiyini bildiriblər.

“Ermənistanla münasibətlərin normallaşdırılması üzrə dörd ildir davam edən prosesin bir hissəsi olaraq, bu günə qədər nəqliyyat, mədəniyyət, ticarət və təhsil sahələrini əhatə edən çoxsaylı etimad quruculuğu tədbirləri görülüb. Qərarların qəbul ediləcəyi təqdirdə, onları tez bir zamanda həyata keçirmək məqsədilə sərhəd məsələsi ilə bağlı hazırlıq işləri də davam edir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə ölkəmizin Ermənistanla davam etdirdiyi prosesə yeni təkan veriləcək. Sərhəd-keçid məntəqələrinin açılması üçün hələlik cədvəl yoxdur”, - deyə Ankara qeyd edib.

Daha əvvəl Türkiyənin “Cumhuriyet” qəzeti Ermənistanla sərhəd-keçid məntəqəsinin açılışının 4 iyun tarixinə planlaşdırıldığını iddia etmişdi. Nəşrin məlumatına görə, 1993-cü ildən bağlı olan Türkiyə-Ermənistan sərhədi Ermənistanda parlament seçkilərindən üç gün əvvəl yenidən açıla bilər. Qəzet qeyd edir ki, Osmanlı imperiyası ilə Ermənistan arasında diplomatik münasibətlər 4 iyun 1918-ci ildə qurulub və keçid məntəqəsinin açılışı həmin ildönümünə təsadüf edə bilər.