Jan-Lük Melanşon Fransa prezidentliyinə namizədliyini rəsmən elan edib

“Əyilməz Fransa” (LFİ) hərəkatının lideri Jan-Lük Melanşon 2027-ci il prezident seçkilərində namizədliyini rəsmi olaraq elan edib.

AZƏRTAC xəbər verir ki, TF1 telekanalının xəbər proqramında Melanşon öz ətrafında birliyi qorumaq strategiyasını müdafiə edərək deyib: “Bizdə hər şey aydındır. Bir komanda, bir proqram, yalnız bir namizəd var”. Özünü “ən yaxşı və ən hazırlıqlı” adlandıran lider, erkən kampaniyaya başlama səbəbini daxili və beynəlxalq vəziyyətin ciddiliyi ilə izah edib.

“Təlaş yaratmaq istəmirəm, amma real olmaq lazımdır. Biz dünyanın çox gərgin bir dövrünə qədəm qoyuruq. Biz ümumi müharibə təhlükəsi ilə üz-üzəyik, dramatik iqlim dəyişiklikləri bizi təhdid edir. Bundan başqa, iqtisadi və sosial böhran yaxınlaşır”, - deyə o xəbərdarlıq edib.

Melanşon daxili siyasətə də toxunaraq, partiyalarda daxili bölünmələri məsuliyyətsiz adlandırıb və bunların seçkiöncəsi siyasi çaşqınlıq yaratdığını bildirib. Beynəlxalq məsələlərdən danışanda isə Yaxın Şərqdəki vəziyyətə görə ABŞ və İsraili tənqid edib və İspaniya ilə ortaq cəbhə yaratmağa çağırıb.

Əsas rəqibi kimi Milli Birlik partiyasını işarə edən Melanşon deyib: “Bu, əsas rəqibdir... Məncə, biz onları tam məğlub edəcəyik”.