Bu, mənim Parlamentlərarası İttifaqın Baş katibi kimi fəaliyyətim çərçivəsində Azərbaycanla əlaqələrimin çox mühüm bir hissəsidir. Bu dəfə buraya xüsusi şəraitdə gəldim, çünki artıq vəzifəmdən ayrılmaq üzrəyəm və Azərbaycana gələrək ölkə rəhbərliyinə Azərbaycanla Parlamentlərarası İttifaq arasında güclü münasibətlərin qurulmasına göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirmək istədim.
Trend xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə jurnalistlərə açıqlamasında deyib.
Baş katib ötən gün Milli Məclisin sədri Sahibə Qafarova ilə çox səmərəli görüş keçirdiyini xatırladıb:
“Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığı müzakirə etdik və bu əməkdaşlığın sabit şəkildə davam etdiyini qeyd etdik.
Müxtəlif sahələrdə, o cümlədən Azərbaycan və Ermənistan arasında körpülərin qurulması istiqamətində əməkdaşlığın genişləndirilməsinə sadiq olduğumuzu vurğuladıq ki, hər iki ölkənin xalqları sülh və harmoniya şəraitində yaşaya bilsin.
Mən də ona təşəkkür etdim və sülh prosesinə verdiyi töhfəyə, həmçinin Prezident İlham Əliyevin Ermənistanla sülh səylərini dəstəkləməsinə görə təbrik etdim.
Bu, mənim Azərbaycana bu günlərdəki səfərimin əsas məzmunudur. Bir daha qeyd etmək istəyirəm ki, vəzifədən ayrılsam da, Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın daha da güclənəcəyinə inanıram. Çünki məni əvəz edəcək şəxs də regionda sülh gündəliyinə tam sadiqdir”.
Martin Çunqonq vurğulayıb ki, bu əməkdaşlığln davam edəcəyinə və onun da gələcəkdə digər vəzifələrdə bu əməkdaşlığa töhfə vermək imkanı əldə edəcəyinə ümid edir.