Azərbaycan qlobal miqyaslı bir tədbirə - BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməyə hazırlaşır. İşğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə də Qarabağın logistik mərkəzi və hava qapısı hesab olunan Füzuli rayonunda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri bu mötəbər platforma ərəfəsində dünya memarlıq və şəhərsalma elitasının diqqət mərkəzindədir. Bakıda keçiriləcək forum çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim olunacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının ən innovativ, uğurlu və dayanıqlı nümunələri işğal zamanı xarabalığa çevrilən, daşı-daş üstə qalmayan, bu gün isə müasir görkəmi ilə göz oxşayan Füzulinin yenidən qurulan mənzərəsində öz real təsdiqini tapır.
Füzulidən WUF13-ə baxış
Füzulidə həyata keçirilən bu genişmiqyaslı şəhərsalma prosesi təkcə fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır, həm də mənəvi dəyərlərin və beynəlxalq qardaşlıq bağlarının simvolları ilə zənginləşir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan xalqına hədiyyə edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu ali münasibətlərin ən bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın iştirakı ilə açılan bu təhsil ocağı Türk dünyasının sarsılmaz birliyinin və gələcək nəsillərin intellektual inkişafına verilən birgə töhfənin rəmzinə çevrilib. Dövlət başçılarının iştirakı ilə açılan bu təhsil müəssisəsi həm də Azərbaycan dövlətinin təhsilə verdiyi strateji önəmin göstəricisidir. Belə ki, azad edilmiş ərazilərdəki ilk layihələrin məhz müasir məktəblərin inşası ilə başlaması insan kapitalının inkişafına və elmi potensialın bərpasına verilən yüksək qiymətin təzahürüdür. Eyni zamanda, Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi də qardaş qazax xalqının Azərbaycan xalqına olan səmimi ehtiramının və gənc istedadların yetişdirilməsinə verdiyi dəstəyin nümunəsidir. Hər iki müəssisə Füzulinin yenidən qurulmasında türk dövlətlərinin nümayiş etdirdiyi sıx həmrəyliyi dünyaya göstərməklə yanaşı, təhsilin sülh və inkişafın əsas sütunu olduğunu sübut edir.


Sosial və mədəni infrastrukturla yanaşı, Füzulinin yenidən qurulması strategiyasında nəqliyyat və enerji təhlükəsizliyi də həlledici sütunlar kimi ön plandadır. 2021-ci il oktyabrın 26-da açılışı olan Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 ay kimi rekord müddətdə inşa edilərək bölgənin logistik əhəmiyyətini köklü şəkildə dəyişdi. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı bu layihənin təkcə iqtisadi deyil, həm də sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının təntənəsi olan böyük geosiyasi əhəmiyyətini vurğuladı. Qarabağın “hava qapısı” adlandırılan bu infrastruktur obyekti işğaldan azad edilmiş ərazilərin beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyasında strateji qovşaq rolunu oynayır, bölgəyə turist axınını stimullaşdırır və Füzulinin beynəlxalq biznes əlaqələri üçün əlçatanlığını təmin edir.

Logistik imkanların genişlənməsi ilə paralel olaraq, bölgənin enerji və su təhlükəsizliyi də müasir standartlar səviyyəsində təmin edilir. Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzinin fəaliyyətə başlaması şəhərin fasiləsiz və intellektual enerji təminatında yeni dövrün əsasını qoyub. Eyni zamanda, tarixi Köndələnçay su anbarının bərpası həm ekoloji tarazlığın qorunması, həm də kənd təsərrüfatının inkişafı üçün mühüm strateji addım oldu. Kompleks infrastruktur layihələri Füzulini qısa müddətdə modern şəhərsalma qovşağına çevirməklə yanaşı, “Böyük Qayıdış” proqramının uğurlu icrası üçün sarsılmaz zəmin yaradır.
Bütün bu quruculuq işlərinin ali məqsədi isə bir məqsədi var: keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına layiqli və ləyaqətli qayıdışını təmin etmək. Artıq yüzlərlə ailə müasir standartlara uyğun inşa edilmiş yeni mənzillərdə məskunlaşıb və köç prosesi intensiv şəkildə davam edir. Dövlətimiz qayıdan sakinlərin rahatlığını təmin etmək üçün təkcə mənzil şəraitini deyil, həm də onların məşğulluq, təhsil və səhiyyə imkanlarını ən yüksək səviyyədə formalaşdırır.

Füzulidə tətbiq olunan yaşıl enerji və dayanıqlı memarlıq həlləri Azərbaycanın ekoloji gələcəyə sadiqliyini dünyaya nümayiş etdirir. Bu bərpa prosesi illərlə yurd həsrəti çəkən insanların öz ata-baba ocaqlarında yeni və işıqlı bir həyata başlamasına zəmin yaradaraq tarixi ədalətin bərpasını simvolizə edir.
Məhz bu təcrübə Bakıda keçiriləcək WUF13-də beynəlxalq ekspertlərin diqqət mərkəzində olacaq. Dünyanın müxtəlif ölkələrindən gələn şəhərsalma mütəxəssisləri sıfırdan qurulan, ekoloji təmiz və texnoloji cəhətdən təkmil şəhərlərin necə yaradıldığını Azərbaycanın timsalında yaxından görəcəklər. Forum çərçivəsində təqdim olunacaq “sıfır tullantı” və yaşıl enerji zonası konsepsiyaları müasir urbanizasiya çağırışlarına ən effektiv cavab kimi qiymətləndirilir. Beləliklə, şəhərsalmada qəbul edilən “Azərbaycan modeli” artıq post-münaqişə dövründə bərpa və dayanıqlı inkişaf sahəsində qlobal bir nümunədir. Füzuli rəqəmsal yarımstansiyasından hava limanına, qardaşlıq hədiyyəsi olan təhsil mərkəzlərindən yeni yaşayış binalarına qədər hər bir element Azərbaycanın quruculuq qüdrətini dünyaya bir daha nümayiş etdirəcək.