Buxenvald Memorial Kompleksində azərbaycanlı qurbanların xatirəsinə həsr olunmuş lövhənin açılışına görə çox şadıq. Buna görə Azərbaycan səfirliyinə dərin təşəkkürümüzü bildiririk.
AZƏRTAC xəbər verir ki, bu barədə Buxenvald və Mittelbau-Dora Xatirə Kompleksləri Fondunun direktor müavini Filip Noyman-Tayn media nümayəndələrinə müsahibəsində deyib.
“Bu lövhə Buxenvald əsir düşərgəsində qətlə yetirilmiş qurbanların, eləcə də ayrı-ayrı insanların xatirəsinin anıldığı məkanda - krematoriyanın ərazisində qoyulub. Bu, Buxenvald Memorial Kompleksində Azərbaycandan olan qurbanların xatirəsinin yad edilməsinə çox mühüm töhfədir. Şübhəsiz ki, hər il Buxenvald Memorial Kompleksini ziyarət edən 500 min insan bu lövhəni görəcək və həmin xatirəni gələcək nəsillərə daşıyacaq”, - deyə Filip Noyman-Tayn qeyd edib.