Bakının Birləşmiş Millətlər Təşkilatının şəhərsalma üzrə mühüm konfransına ev sahibliyi etməsi Azərbaycanın artıq tanınmış qlobal oyunçu olduğunun sübutudur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında amerikalı ekspert Rob Sobhani deyib. O bildirib ki, BMT-nin bu tədbiri keçirmək üçün Bakını seçməsi də əlamətdardır.
“Çünki Bakı köhnə və yeninin qarışığıdır. Burada ənənə və müasirlik birləşir, 12-ci əsrə gedib çıxan “Qız qalası”, eyni zamanda “Alov Qüllələri” kimi gözəl binalar var. Birləşmiş Millətlər Təşkilatının Bakını, Azərbaycanı seçməsi də Prezident İlham Əliyevin liderliyinin sübutudur”,- deyə ekspert əlavə edib. O deyib ki, Azərbaycan iqlim dəyişikliyi, İslam dialoqu və digər mövzularında çoxsaylı konfranslara ev sahibliyi edib.
“Azərbaycan dünyada müasirlik və ənənələrin qorunduğu və yaşandığı bir ölkədir. Buna görə də bu gün Azərbaycan qlobal miqyasda hörmətlə qarşılanır. Ötən ilin avqust ayında Ağ Evi ziyarət edərkən Amerika lideri Tramp Prezident İlham Əliyevi təkcə öz ölkəsi üçün deyil, bütün region üçün böyük dəyişikliklər gətirən dünya lideri kimi xarakterizə edib. Məhz buna görə şəhərsalma üzrə bu konfrans qlobal problemlərin həlli üçün konstruktiv münasibətlərə əsaslanan Azərbaycanın xarici siyasətinin BMT kimi qurumlar daxilində rezonans doğurduğunun sübutudur”,- deyə o vurğulayıb.