Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfəri çərçivəsində bir sıra mühüm infrastruktur obyektlərinin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi, sakinlərlə görüşərək Böyük Qayıdış proqramının uğurla davam etdiyini vurğuladı. Dövlətimizin başçısının səfəri işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin artıq yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, Prezident İlham Əliyev sakinlərlə görüş zamanı Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin əsas məqsədinin insanların doğma torpaqlarına təhlükəsiz və rahat şəkildə qayıdışını təmin etmək olduğunu deyib. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, “biz bu torpaqlara həyatı qaytarırıq. Bütün şəhərlər, kəndlər yenidən qurulur, ən yüksək standartlar tətbiq olunur”. Bu, regionda aparılan quruculuq işlərinin miqyasını və strateji əhəmiyyətini aydın şəkildə göstərir. Səfər çərçivəsində istifadəyə verilən yaşayış kompleksləri, məktəblər, enerji və yol infrastrukturu layihələri bölgənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Cəbrayılda yeni yaşayış məhəllələrinin yaradılması, məktəb və sosial obyektlərin tikilməsi sakinlərin dayanıqlı məskunlaşmasına xidmət edir. Zəngilanda istifadəyə verilən enerji infrastrukturu isə “yaşıl enerji zonası” konsepsiyasının praktik nəticəsidir.
Deputat qeyd edib ki, yeni yol və kommunikasiya layihələri də xüsusi əhəmiyyət daşıyır. Horadiz-Zəngilan-Ağbənd nəqliyyat xətti və digər magistral yollar Qarabağın daxili əlaqələrini gücləndirməklə yanaşı, regionun beynəlxalq logistik mərkəzə çevrilməsinə zəmin yaradır. Bu layihələr Zəngəzur dəhlizinin perspektivləri baxımından da strateji əhəmiyyət kəsb edir. Mayın 10-da Prezident İlham Əliyev Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşərək onlara mənzillərin açarlarını təqdim etdi. Ulu Öndər Heydər Əliyevin doğum gününə təsadüf edən tədbirdə Prezidentin əsas mesajlarından biri ondan ibarət idi ki, 2020-ci ildə əldə edilmiş Qələbə 1993-cü ildən başlayan dövlətçilik strategiyasının məntiqi yekunudur. Beləliklə, bir daha aydın olur ki, Azərbaycan müharibəni hərbi güclə yanaşı, siyasi iradə və strateji hesablamalarla qazanıb. Rəsmi Bakı həm döyüş meydanında qalib gəlib, həm də diplomatik şərtləri diktə edən tərəfə çevrilib.
“Çıxışın diqqət çəkən məqamlarından biri də sülhü pozmağa can atan dairələrə yönələn sərt mesajlar idi. Prezident bəzi xarici liderləri “saxta qəhrəman” adlandıraraq onların Ermənistanı guya müdafiə etdiyini bildirdi. Avropa müşahidə missiyasına gəlincə, Prezidentin də söylədiyi kimi, “özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq”.
Dövlətimizin başçısının çıxışında ən geniş yer ayrılan məsələlərdən biri də Zəngılanın gələcək inkişaf perspektivləri oldu. Prezident rayonu regional nəqliyyat və iqtisadi mərkəz kimi təqdim etdi. Belə ki, yaxın illərdə Bakı-Zəngilan dəmir yolu istifadəyə veriləcək, daha sonra isə bu xətt Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana uzanacaq. Yəni bərpa edilən Qarabağ və Şərqi Zəngəzur, eyni zamanda, Azərbaycanın yeni iqtisadi və geosiyasi güc platformasına çevrilməkdədir”, - deyə Nigar Məmmədova vurğulayıb.