Otuz ilə yaxın bir müddətdən sonra Azərbaycanla Ermənistan arasında sülh sazışı layihəsinin paraflanması, iki dövlət arasında nəqliyyat kommukasiyalarının açılması, sərhədlərin delimitasiya və demarkasiyası üzrə işlərin ardıcıl formada həyəta keçirilməsini dəstəkləməkdənsə anti-Azərbaycan mövqeyi sərgiləyən qüvvələr yalnız nifrət toxumları səpməyə, yenidən vəziyyəti gərginləşdirməyə çalışırlar.
Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov parlamentin bugünkü plenar iclasında deyib.
Millət vəkili xatırladıb ki, mayın 6-da Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barro parlamentin yuxarı palatası - senatda deputat Etyen Blankın ermənilərin dini və mədəni irsi ilə bağlı sualına cavab verərkən regionumuzda baş vermiş hadisələri tamamilə təhrif olunmuş formada təqdim edib:
“Siyasi, hüquqi və diplomatik müstəvidə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq birliyə çatdırıb ki, ölkə ərazısındə “Dağlıq Qarabağ” deyilən bölgə mövcud deyil və Azərbaycanın suveren ərazisi olan Qarabağ iqtisadi rayonunun bu terminlə təsvir olunması qəbuledilməzdir.
N.Barro çıxışında güya “2021- ci ildən başlayaraq 40-a yaxın erməni mədəni irsinə aid obyektin itirilməsinə” istinad edib. Sual olunur – otuz il davam etmiş işğal dövründə sistematik və irimiyqaslı formada Qarabağda ermənilər tərəfindən törədilən və müharibə cinayətləri kimi tövsüf edilən Azərbaycanın mədəni irsinin məhv edilməsi, dağıdılması, oğurlanmasına göz yuman Qərb dairələri nəyə görə öz narahatlıqlarını bildirmirdilər?
1954-cü il tarixli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyası və onun iki Əlavə protokolu kobud formada pozularaq Qarabağda 400-dən çox abidə məhv edilib, 67 məsciddən 63-ü yerlə yeksan olunub və təhqirlərə məruz qalıb, 100 min tarixi artefakta malik olan 22 muzey dağıdılıb. Digər məsələrdə olduğu kimi mədəni irsə aid olan problemlərə münasibətdə yenə də ikili standartlar və selketiv yanaşma müşahidə olunur”.
Deputat xatırladıb ki, Azərbaycan ərazilərində yerləşən bütün tarixi və dini abidələr milli-mədəni irsimizə aiddir, mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq onlar etibarlı formada qorunur və heç bir xarici qüvvə dövlətimizin suveren səlahiyyətlərinə aid olan məsələlərə müdaxilə edə bilməz.