Məqsədimiz qadınların həyat şəraitini yaxşılaşdırmaqdır.
Trend xəbər verir ki, bunu Bəhreynin mənzil və şəhərsalma naziri Amna bint Ahmed Al Rumaihi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qadınlar assambleyası: Gender baxımından transformativ strategiyaların birgə yaradılması" adlı sessiyanın açılışında bildirib.
Onun sözlərinə görə, WUF13 təcrübə mübadiləsi, qlobal problemlər və onların həll yollarını öyrənmək baxımından olduqca önəmli bir platformadır:
"WUF13 çərçivəsində təşkil edilmiş bu tədbir qadınların və ailələrin inkişafı üçün önəmlidir. Bəhreyn qadınlarla bağlı möhtəşəm işlər görür. Bizdə "Qadınlar Şurası" var. Çalışırıq ki, səhiyyə, təhsil, evlə təmin olunma sektorlarında qadınlara və ailələrə dəstək olaq. Artıq 6500-dən çox qadın bundan faydalanıb. Anaları xüsusi olaraq diqqətdə saxlayırıq. Komandamızın 90 faizini qadınlar təşkil edirlər. Bu da şəhərin dayanıqlığına mühüm töhfə verir. Məqsədimiz onların həyat səviyyəsini yaxşı duruma salmaqdır".