WUF13 çərçivəsində D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu keçirilib

13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Energetika Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu” keçirilib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

“D-8 regionunda dayanıqlı şəhərlərin enerji ilə təmin edilməsi: enerji keçidlərinin şəhərsalma gündəlikləri ilə uyğunlaşdırılması” mövzusuna həsr olunmuş tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, şəhərlər hazırda qlobal enerji istehlakının təxminən 70 faizini və emissiyaların əsas hissəsini formalaşdırır. Nazir vurğulayıb ki, bu reallıq D-8 ölkələri üçün şəhərlərin bərpa olunan enerji, enerji səmərəliliyi və aşağı karbon həlləri əsasında inkişafını zəruri edir. Qeyd olunub ki, artan urbanizasiya, enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri çağırışları fonunda yaşıl və ağıllı şəhərlər artıq yalnız inkişaf modeli deyil, həm də enerji keçidinin əsas hərəkətverici qüvvəsinə çevrilir.

Bildirilib ki, Azərbaycan “yaşıl enerji” gündəliyini strateji inkişaf prioriteti kimi irəli apararaq genişmiqyaslı bərpa olunan enerji və regional enerji dəhlizləri layihələri həyata keçirir, “yaşıl enerji zonası” təşəbbüslərini reallaşdırır, enerji səmərəliliyini artırır və elektrik şəbəkələrinin modernləşdirilməsi istiqamətində mühüm addımlar atır. Gələn il ümumi gücü 2 QVt olan 12 günəş və külək elektrik stansiyasının istismara verilməsi başa çatacaq. Bunun nəticəsində ildə təxminən 2,4 milyon ton istixana qazı emissiyasının qarşısı alınacaq.