19 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed Ibrahim ilə görüş keçirib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə olunub. Növbəti il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı məmnunluqla qeyd olunub.
Nazirlər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd ediblər. Bu çərçivədə beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüş zamanı enerji təhlükəsizliyi, yaşıl enerji, kənd təsərrüfatı, investisiya, təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Sudan tərəfi Azərbaycanın dövlət idarəçiliyi, rəqəmsal inkişaf, infrastruktur quruculuğu və post-münaqişə bərpa sahəsində əldə etdiyi təcrübəyə maraq ifadə edib. Azərbaycan tərəfindən Sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub. Bununla yanaşı, Azərbaycanın Sudandakı daşqınlar və COVID-19 pandemiyası ilə əlaqədar göstərdiyi humanitar yardımlar məmnunluqla xatırlanıb.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə ölkəmizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, mina təhlükəsi ilə mübarizə istiqamətində görülən tədbirlər, habelə regional nəqliyyat və kommunikasiya layihələrinin əhəmiyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.
Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyində duran məsələlər və çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də müzakirə edilib.
Səfər ərçivəsində nazirlər tərəfindən Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş imzalanıb.
xxx
18:09
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed Ibrahim ilə görüşüb.
Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, nazirlər Azərbaycan–Sudan münasibətlərinin cari gündəliyini, o cümlədən siyasi, iqtisadi, humanitar, təhsil, enerji, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin əhəmiyyətini vurğulayıblar.
BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri də diqqət mərkəzində olub.
Nazir Ceyhun Bayramov Sudan tərəfini postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və minatəmizləmə işləri, eləcə də regional bağlantı və nəqliyyat təşəbbüsləri barədə məlumatlandırıb.
Sudan tərəfi Azərbaycanın dövlət idarəçiliyi, ASAN xidmət, rəqəmsal inkişaf və infrastruktur quruculuğu sahəsindəki təcrübəsinə maraq göstərib, həmçinin sudanlı tələbələr üçün ayrılmış təqaüd proqramlarına görə təşəkkürünü ifadə edib.
Səfər çərçivəsində Azərbaycan və Sudan hökumətləri arasında diplomatik pasport sahibləri üçün qarşılıqlı viza tələbinin ləğvinə dair saziş imzalanıb.