Azərbaycandan öyrənəcəyimiz çox vacib təcrübələr var - Panamalı nazir (ÖZƏL)

Panama Azərbaycanla münasibətlərin daha da gücləndirilməsində maraqlıdır və ölkənin şəhərsalma, yenidənqurma və məcburi köçkünlərin reinteqrasiyası sahəsindəki təcrübəsini öyrənmək istəyir.

Bu fikirləri Trend-ə açıqlamasında Panamanın Mənzil və Ərazi Planlaşdırılması naziri Jaime Giovanelli deyib.

Nazirin sözlərinə görə, Panama ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və bu əlaqələrin daha da inkişaf etdirilməsi məqsəd qoyulub.

“Münasibətlərimiz çox güclüdür. Biz bu əlaqələri daha da möhkəmləndirmək istəyirik və öyrənəcəyimiz çox şey var”, – deyə o bildirib.

Jaime Giovanelli qeyd edib ki, Panama nümayəndə heyəti Bakıya müxtəlif təcrübələri öyrənmək və şəhərlərin yenidən qurulması prosesini yaxından müşahidə etmək üçün gəlib.

“Biz buraya təcrübələri görmək, problemlərin necə həll edildiyini və şəhərlərin necə yenidən bərpa olunduğunu öyrənmək üçün gəlmişik”, – deyə nazir vurğulayıb.

O bildirib ki, Prezident İlham Əliyevin çıxışında məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və həmin ərazilərdə yaşayış məntəqələrinin yenidən qurulması ilə bağlı səsləndirilən fikirlər xüsusi maraq doğurub.

“Mənim üçün Prezident İlham Əliyevin çıxışında məcburi köçkünlər üçün mənzil həllərinin yenidən bərpa edilməsindən, onların öz doğma yerlərinə qaytarılmasından və insanların əvvəlki yaşayış məntəqələrinə dönərək şəhərlərinin yenidən dirçəlməsinə töhfə verməsindən danışması çox maraqlı oldu”, – deyə Jaime Giovanelli bildirib.