ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər

Nyu-Yorkda Azərbaycan Respublikasının 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Gecənin təşkilatçısı Nyu-Yorkdakı Azərbaycan Yəhudi İcması və “Amerikadakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov olub.

Trend xəbər verir ki, Nyu-Yorkdakı Azərbaycan Yəhudi İcmasından verilən məlumata görə, bayram tədbiri məşhur “Davidzon Radio”nun teatr salonunda təşkil olunub. Tədbirdə Azərbaycan və yəhudi diasporunun nümayəndələri, ictimai xadimlər, həmçinin Azərbaycanın tarixi və mədəniyyətinə maraq göstərən Nyu-York sakinləri iştirak ediblər.

Qonaqlar arasında Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Rəşad Eyvazov, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin əməkdaşları Tale Əliyev və Elçin Baxşəliyev, eləcə də “Bukharian Times” qəzetinin baş redaktoru Rafael Niktalov yer alıb.

Tədbirin rəsmi hissəsi Azərbaycan və ABŞ dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra “Amerikadakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov Azərbaycanın Müstəqillik Günü münasibətilə Nyu-York ştatının rəhbərliyi adından təqdim olunmuş təbrik proklamasiyasını səfirliyin birinci katibi Rəşad Eyvazova təqdim edib.
Tədbirin aparıcısı, Nyu-Yorkdakı Azərbaycan əsilli gənclər təşkilatının üzvü Fərid Axundov Azərbaycan istiqlal tarixinə qısa ekskurs edib, müstəqil dövlətçiliyin əhəmiyyətindən danışıb.

 

İsraildə yaşayan Azərbaycan diasporunun fəallarından biri, “Azİz” Assosiasiyasının vitse-prezidenti və İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman da iştirakçıları bayram münasibətilə təbrik edib. O, İsraildə nəşr olunmuş “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabını təqdim edib.

Qeyd olunub ki, kitab Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda dövlət vəzifələrində çalışmış, ictimai fəaliyyətlə məşğul olmuş tanınmış yəhudilər haqqında ensiklopedik məlumatlardan ibarətdir. Nəşrdə Azərbaycandakı çoxəsrlik tolerantlıq ənənələri, eləcə də yəhudi icmasının ölkənin ictimai-siyasi və mədəni həyatındakı rolu əksini tapıb.

Kitabın təqdimatından sonra qonaqlara azərbaycanlı rejissor Rüfət Əsədovun “Sevgimizin yolları” adlı sənədli filmi nümayiş etdirilib. “Sholumi Mərkəzi”nin istehsalı olan ekran əsərinin prodüseri Şaul Siman-Tovdur.

Film Azərbaycan və İsrail xalqları arasındakı dostluq və tolerantlıq münasibətlərindən bəhs edir. Ekran əsərində fərqli dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanıbn nümunəvi multikultural mühitində birgəyaşayışı, fərqli millətlərə mənsub olan Mixail və Yeganə Salmanların əbədi sevgi hekayəsi təqdim olunur.

Filmdə, həmçinin, İsraildəki diaspor həyatı, Vətən sevgisi və mədəni əlaqələr əsas xətt kimi önə çıxır.