İndoneziya-Azərbaycan strateji əməkdaşlığı - Cakartada Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət

Azərbaycanın İndoneziyadakı səfirliyi Cakartada 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İndoneziyanın mədəniyyət naziri Fadli Zon, parlamentinin Regional Nümayəndələr Palatasının sədri Sultan Baktiar Nacamudin, ASEAN Parlamentlərarası Assambleyasının (AIPA) Baş katibi Çem Vidhya, Sukabumi şəhərinin meri Ayep Zaki, eləcə də İndoneziya Nümayəndələr Palatasının üzvü Cazuli Cuvaini, dövlət qurumlarının nümayəndələri, diplomatik missiyaların rəhbərləri, ictimai-siyasi xadimlər, iş adamları və media təmsilçiləri iştirak ediblər.

Səfir Ramil Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika kimi yaradıldığını, qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, demokratik dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadığını bildirib.

Vurğulanıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu yolu keçib və hazırda Prezident İlham Əliyevin liderliyi ilə ölkə dinamik inkişaf mərhələsini yaşayır. Diplomat Azərbaycanın regional və beynəlxalq səviyyədə enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri, multikulturalizm və davamlı inkişaf sahələrində mühüm tərəfdaş olduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycan ilə İndoneziya arasında münasibətlərin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını bildirib. O, iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, ticarət əlaqələrinin, investisiya imkanlarının və humanitar münasibətlərin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.

İndoneziyanın işçi qüvvəsi naziri Yassierli ölkəsinin Azərbaycan ilə strateji əməkdaşlığın inkişafına böyük önəm verdiklərini bildirib, iki ölkə arasında münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. O, Azərbaycan ilə İndoneziya arasında dostluq əlaqələrinin qarşılıqlı hörmət və etimada əsaslandığını vurğulayıb.

Tədbirdə Azərbaycanı tanıdan, həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına dair videoçarxlar nümayiş olunub. Qonaqlara Azərbaycan milli mətbəxinin müxtəlif təamları təqdim edilib.