Ceyhun Bayramov BMT-nin Baş katibinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda keçirilmiş açıq müzakirələrdə iştirakı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə bölgədə cari vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın BMT, onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini bildirib. Xüsusilə ölkəmizdə cari ilin 17–22 may tarixlərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla keçirilməsi məmnunluqla qeyd olunub.

Bununla yanaşı, ölkəmizin Mərkəzi Asiya ilə strateji əlaqələri, nəqliyyat və kommunikasiya sahəsində rolu vurğulanıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, keçmiş məcburi köçkünlərin öz evlərinə ləyaqətli qayıdışının təmininə istiqamətlənən bərpa və quruculuq işləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, etimad quruculuğu tədbirləri, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.