Son beş ay ərzində Beynəlxalq Siqh Federasiyası ilə əməkdaşlığımız çərçivəsində Bakı Təşəbbüs Qrupu iki beynəlxalq konfransı uğurla təşkil edib.
Trend xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakı Dövlət Universitetində keçirilən “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Konfranslar transmilli repressiyalar, Hindistanda etnik azlıqlara qarşı ayrı-seçkilik, həmçinin insan hüquqlarının müdafiəsi, beynəlxalq təşkilatların yerli xalqların, etnik azlıqların və ümumilikdə insan hüquqlarının qorunmasındakı rolu kimi mühüm mövzulara həsr olunub, - deyə o vurğulayıb.
A.Abbasov bildirib ki, bununla yanaşı, birgə hesabat hazırlanıb dərc edilib və həmin hesabat BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 61-ci sessiyasında təqdim olunub.
“Mən qəti şəkildə inanıram ki, Beynəlxalq Siqh Federasiyası ilə əməkdaşlığımız etnik azlıqların hüquqlarının və insan hüquqlarının müdafiəsinə mühüm töhfə verəcək”, - deyə o qeyd edib.