Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 28 May - Azərbaycanın Müstəqillik Günü və 26 May – Gürcüstanın Müstəqillik Gününə həsr olunan “Qafqazın iki müstəqil səsi” adlı tədbir keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli meri Daur İsmayılov, Dmanisi meri Koba Muradaşvili, yerli özünüidarəetmə orqanlarının əməkdaşları, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov, yerli ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
“Azərbaycan Evi”nin və GAİM-in direktoru Məhəbbət İmanov Azərbaycan və Gürcüstan arasında formalaşan dostluq və strateji tərəfdaşlığın önəmini vurğulayıb, hər iki ölkənin müstəqillik bayramlarının birgə qeyd edilməsinin xalqlarımızı birləşdirən qarşılıqlı ehtiramın və ümumi dəyərlərin bariz ifadəsi olduğunu bildirib.
Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı 26 və 28 may tarixlərinin Azərbaycan və Gürcüstan xalqlarının azadlıq, dövlətçilik və milli iradə yolunda əldə etdiyi tarixi nailiyyətlərin simvolu olduğunu deyib. Ulu Öndər Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində göstərdikləri tarixi xidmətləri xatırladıb.
Marneuli meri Daur İsmayılov və Dmanisi meri Koba Muradaşvili müstəqilliyin xalqların ən böyük sərvəti olduğunu bildirib, Azərbaycan və Gürcüstan arasında dostluq, qarşılıqlı etimad və strateji əməkdaşlığın regionun inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov müstəqillik, birlik və həmrəyliyin cəmiyyətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını, Azərbaycan-Gürcüstan qardaşlığının xalqlar arasında qarşılıqlı anlaşma və etimadın daha da güclənməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində GAİM-in nəzdində fəaliyyət göstərən “Sarvan” folklor ansamblının təqdimatında Azərbaycan və gürcü milli rəqsləri nümayiş olunub. Tanınmış ifaçılar Şaban Məmmədov, İamze Jgeli, Ramin Pirməmmədov və aşıq Nərgiz Mehdiyevanın ifaları tədbirə şən ab-hava qatıb.