Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin Avropa İttifaqı məsələləri üzrə dövlət katibi Marek Eştok Azərbaycanla investisiyaların təşviqi və qorunması haqqında sazişin tezliklə imzalanacağına ümid edir.
"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
M.Eştok vurğulayıb ki, Bakıya səfəri çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevlə siyasi məsləhətləşmələr aparıb.
Onun sözlərinə görə, görüş zamanı tərəflər ikitərəfli münasibətləri, Slovakiya və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafını, eləcə də regional məsələləri ətraflı müzakirə ediblər.
M.Eştok Slovakiya biznesinin Azərbaycan bazarında iştirakının uğurlu şəkildə genişlənməsini və yeni perspektivli əməkdaşlıq layihələrinin mövcudluğunu diqqətə çatdırıb: "Mən Slovakiya biznesinin Azərbaycan bazarında uğurla təmsil olunmasından, gələcək perspektivli layihələrdən qürur duyuram. Hazırda Avropa Komissiyası tərəfindən nəzərdən keçirilən Slovakiya və Azərbaycan arasında İnvestisiyaların təşviqi və qorunması haqqında Sazişin tezliklə imzalanacağına ümid edirəm".
Bununla yanaşı, diplomat əlavə edib ki, Slovakiya və Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi hər iki tərəf üçün nəzərəçarpacaq nəticələr verir.
Dövlət katibi, həmçinin gələn il Bratislavada siyasi məsləhətləşmələrin davam etdiriləcəyinə ümid etdiyini bildirib.