Milli Məclisdə Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xarici ticarətin asanlaşdırılması və sahibkarların hüquqlarının qorunması məqsədilə hazırlanıb.
Qanun layihəsinə əsasən, bir sıra yeni anlayışlar müəyyənləşdirilir, mövcud anlayışlar isə yenilənir, həmçinin Gömrük Məcəlləsinin digər qanunvericilik aktları ilə uyğunlaşdırılması təmin edilir.
Əsas yeniliklərdən biri gömrük orqanlarının səlahiyyətlərinin genişləndirilməsidir. Belə ki, gömrük borcu ödənilmədiyi hallarda gömrük orqanlarına şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilir. Borc ödənildikdən sonra həmin məhdudiyyətin aradan qaldırılması barədə qərarın qəbul edilməsi də gömrük orqanlarının səlahiyyətinə aid ediləcək.
Dəyişikliklərlə digər dövlətlərin gömrük xidmətləri ilə məlumat mübadiləsinin tranzit daşımalarını da əhatə etməsi, səyyar gömrük auditinin nəticələri barədə şəxslərə 3 iş günü ərzində məlumat verilməsi, eləcə də gömrük baxışı və yoxlamalarının daha detallı hüquqi tənzimlənməsi nəzərdə tutulur.