Xankəndi və Ağdərəyə növbəti köç olub

İyunun 19-da Xankəndi şəhərinə və Ağdərə rayonuna növbəti köç olub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün Xankəndi şəhərinə 68 nəfərdən ibarət 18 ailə, Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 2 ailə olmaqla 12 nəfər köçürülüb.

Bldirilib ki, sakinlərə mənzillərin açarlarını, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinn müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev təqdim edib.

"Tədbirdə çıxış edən S. Qəhrəmanov sakinləri yurdlarına qayıtmaları münasibətilə təbrik edib, onlara doğma torpaqda xoş günlər arzulayıb. O, bölgədə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və tikinti işləri barədə də məlumat verərək bildirib ki, sakinlərin burda rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb, sosial obyektlər istifadəyə verilib.

Tədbir çərçivəsində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən köç edən sakinlərlə mina təhlükəsizliyinə dair maarifləndirmə görüşü keçirilib", - deyə məlumatda qeyd edilib.

 

xxx
09:36

Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.

Bu barədə məlumat Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi saytında dərc edilib.

"Bu mərhələdə Xankəndi şəhərinə 18 ailə - 68 nəfər köçürülüb. Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir", - deyə məlumatda qeyd edilib.