London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində tarixi Marlboro Sarayında Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Millətlər Birliyinin birgə təşkilatçılığı ilə inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim maliyyəsinə həsr olunmuş Tərəfdaşlıq Dialoqu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Həssaslıqdan dayanıqlılığa: Millətlər Birliyinin inkişaf etməkdə olan kiçik ada dövlətləri və digər üzv ölkələr üçün iqlim maliyyəsinin səfərbər edilməsi” mövzusuna həsr olunmuş tədbirdə Millətlər Birliyinə üzv ölkələrin və bir sıra beynəlxalq təşkilatların nümayəndələri, eləcə də ekspertlər iştirak ediblər.
Müzakirələrdə iqlim dayanıqlılığının gücləndirilməsi, iqlim maliyyəsinə çıxış imkanlarının artırılması və investisiyalara hazır layihələrin hazırlanması məsələləri diqqət mərkəzində olub.
Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov açılış çıxışında inkişaf etməkdə olan kiçik ada dövlətlərinin maraq və ehtiyaclarından irəli gələn məsələlərin COP29 çərçivəsində qəbul edilən əsas qərarlarda öz əksini tapmasına Azərbaycanın dəstək göstərdiyini bildirib. O, həmçinin qeyd edib ki, hazırda qlobal geosiyasi və iqtisadi proseslər iqlim maliyyəsinin əlçatanlığına mənfi təsir göstərir və bu şəraitdə həssas ölkələrin dəstəklənməsi üçün yeni əməkdaşlıq mexanizmlərinə ehtiyac yaranır. Onun sözlərinə görə, COP29-un mühüm irslərindən biri olan “Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi” məhz bu məqsədə xidmət edir.
Millətlər Birliyi Baş katibinin müavini Tanmaya Lal çıxışında Azərbaycan hökumətinə inkişaf etməkdə olan kiçik ada dövlətlərində iqlim fəaliyyəti təşəbbüslərinə göstərdiyi dəstəyə görə təşəkkür edib. O bildirib ki, iqlim dəyişikliyi qlobal çağırışdır və onun həlli üçün çoxtərəfli əməkdaşlıq və tərəfdaşlıqlar həlledici əhəmiyyət daşıyır.
Tanmaya Lal qeyd edib ki, yeni təşəbbüs COP29 Sədrliyi ilə Millətlər Birliyinin 2024-cü ilin noyabr ayında Bakıda birgə təşkil etdiyi inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Liderlər Sammitində müəyyən olunmuş prioritetlərin davamıdır. Onun sözlərinə görə, Azərbaycan hökuməti ilə Millətlər Birliyi arasında 2024-cü ildə imzalanmış Birgə Bəyannamə çərçivəsində növbəti beş il ərzində birliyin inkişaf etməkdə olan kiçik ada dövlətlərində ekoloji dayanıqlılığın gücləndirilməsi üçün ayrılacaq vəsait yerli ehtiyaclar əsasında müəyyən edilmiş və ölkələrin özləri tərəfindən həyata keçiriləcək layihələrin dəstəklənməsinə yönəldiləcək.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, eləcə də Antiqua və Barbuda, Tonqa və Mavrikinin Böyük Britaniyadakı səfirlərinin iştirakı ilə keçirilmiş panel müzakirələrində ada dövlətlərinin nümayəndələri COP29 Sədrliyinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək məqsədilə irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndiriblər. Elin Süleymanov çıxışında Azərbaycanda keçirilən COP29-un əldə etdiyi uğurlara nəzər salıb və COP29 çərçivəsində başlanmış təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın iqlim dəyişikliklərinin təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə əməkdaşlığının COP29-dan sonra daha da inkişaf etdiyini deyib. Səfir qeyd edib ki, iqlim dəyişikliyinin təsirləri dünyanın müxtəlif bölgələrində fərqli formalarda özünü göstərir. Onun sözlərinə görə, Sakit okean, Hind okeanı və Karib hövzəsində yerləşən kiçik ada dövlətləri dəniz səviyyəsinin yüksəlməsi ilə üzləşdiyi halda, Azərbaycan üçün əsas ekoloji çağırışlardan biri Xəzər dənizində suyun səviyyəsinin azalmasıdır.
Tədbirin sonunda Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika idarəsinin rəisi Elməddin Mehdiyev və Millətlər Birliyi Katibliyinin iqlim dəyişmələri üzrə baş direktoru Sureş Yadav tərəfindən inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün Azərbaycan COP29 Sədrliyi - Millətlər Birliyi Qrant Proqramına müraciətlərin başlandığı elan olunub. Elməddin Mehdiyev Azərbaycanın Qoşulmama Hərəkatı və COP29-a uğurlu sədrlikləri çərçivəsində kiçik ada dövlətləri ilə münasibətlərin daha da inkişaf etdirildiyini və bu istiqamətin ölkə rəhbərliyi tərəfindən daim diqqətdə saxlanıldığını qeyd edib.
Tədbir iştirakçıları yeni qrant proqramının ada dövlətlərinin yerli ehtiyaclarına uyğun layihələrin maliyyələşdirilməsinə, dayanıqlılığın gücləndirilməsinə və həmin ölkələrin iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizə imkanlarının artırılmasına əhəmiyyətli töhfə verəcəyini bildiriblər.