Azərbaycan artıq regional çərçivəni aşaraq orta güc statusunu təsdiqləyib - Fərid Şəfiyev

Azərbaycan son illərdə əldə etdiyi siyasi, hərbi və iqtisadi uğurlar sayəsində orta güc kimi mövqeyini daha da möhkəmləndirib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu BMTM-nin idarə heyətinin sədri Dr. Fərid Şəfiyev “Azərbaycan orta güc kimi: Xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda keçirilən konfransda çıxışında bildirib.

Onun sözlərinə görə, bu status ölkənin yalnız regionda deyil, daha geniş coğrafiyada təsir imkanlarının artdığını göstərir:

“Tam əminliklə deyə bilərik ki, Azərbaycan nəinki ölkədaxili layihələr həyata keçirir, hətta regionətrafı, Şərqi və Cənubi Avropada, Yaxın Şərqdə, Orta Asiyada müxtəlif layihələr həyata keçirir. Yəni Azərbaycanın potensialı Cənubi Qafqazdan kənarda özünü göstərir.

Orta güc konsepsiyası hərbi qüdrət, iqtisadi imkanlar, diplomatik təsir, yumşaq güc və digər amilləri özündə birləşdirir. 2020-ci və 2023-cü illərdə Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi bu statusun daha aydın şəkildə təsdiqlənməsinə şərait yaradıb. Bu gün Azərbaycan yalnız ölkə daxilində deyil, regiondan kənarda da müxtəlif təşəbbüslər və layihələr həyata keçirir. Bu isə ölkənin potensialının Cənubi Qafqaz sərhədlərini aşdığını göstərir”.

BMTM sədri əlavə edib ki, konfransın əsas məqsədi Azərbaycanın beynəlxalq sistemdə artan rolunu müzakirə etmək, bu istiqamətdə aparılan araşdırmaların nəticələrini təqdim etmək və yeni təkliflər ətrafında fikir mübadiləsi aparmaqdır.

Qeyd edək ki, tədbirdə dövlət qurumlarının, beyin mərkəzlərinin, ali təhsil müəssisələrinin və digər akademik qurumların nümayəndələri, millət vəkilləri, ekspertlər, gənc tədqiqatçılar və media nümayəndələri iştirak edirlər.