Prezident Ərdoğan: Türkiyə İran böhranının uzunmüddətli nizamlanması istiqamətində səylərini davam etdirəcək

İran ətrafında baş verən hadisələr regional sabitliyə təhdidlərin miqyasını bir daha nümayiş etdirdi. İran böhranının uzunmüddətli həllinə yönəlmiş səylərə tam dəstəyimizi davam etdirəcəyik.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) parlament fraksiyasının üzvləri qarşısında çıxış edərkən bildirib.

Türkiyə lideri vurğulayıb ki, Ankara regionda uzunmüddətli sülh üçün ən kiçik şansdan da tərəddüd etmədən istifadə etməyə hazırdır. “Balanslı və düşünülmüş siyasət sayəsində ölkəni regionda gərginliyin “od halqasından” kənarda saxladıq”, - deyə siyasətçi bildirib.

Dövlət başçısı, həmçinin Türkiyənin on illərdir mübarizə apardığı terrorizm probleminə diqqət yetirərək xatırladıb ki, Suriyanın şimalında fəaliyyət göstərən yaraqlılar uzun müddət ciddi təhlükəsizlik narahatlığı mənbəyi olublar.

“Bu gün rəsmi Dəməşqin yanaşmaları sayəsində bu maneə demək olar ki, aradan qaldırılıb. Biz qonşu ölkəmizdəki vəziyyəti diqqətlə izləyirik, Suriya hakimiyyətinə lazımi dəstəyi göstəririk. Suriyada 13,5 illik vətəndaş müharibəsindən sonra qaçqınların geri qayıtmasını alqışlayırıq. Ümid edirik ki, Suriyadakı müsbət ab-hava qorunacaq”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Siyasətçi əminliklə qeyd edib ki, terrorizm problemi tamamilə aradan qaldırıldıqca, turizm və məşğulluqdan tutmuş təhlükəsizliyə və kənd təsərrüfatına qədər regionda bir çox sektorlar inkişaf edəcək.