ABŞ Müsəlman Təşkilatları Şurasının baş katibi: Hələ də doğma yurduna qayıtmaq hüququndan məhrum olan azərbaycanlılar var

Dünyada bir çox xalqlar öz müqəddəratını təyinetmə hüququndan məhrum edilib və bu məsələnin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması vacibdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ Müsəlman Təşkilatları Şurasının baş katibi Oussama Cammal deyib. O bildirib ki, problemlər haqqında danışmaq kifayət deyil, onların həlli üçün real addımlar atılmalıdır.

“Təəssüf ki, dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr milyonlarla insanın öz yurd-yuvasından didərgin düşməsinə səbəb olub. Bu səbəbdən qayıdış hüququ və öz müqəddəratını təyinetmə məsələləri daha ciddi şəkildə gündəmə gətirilməlidir. Ermənistanla Azərbaycan arasında baş vermiş münaqişələr və Azərbaycan ərazilərinin uzun illər işğal altında qalması da regionda ciddi narahatlıq yaradıb. Bu, insanların hüquqlarının qorunmasına beynəlxalq səviyyədə daha ciddi yanaşmanın vacibliyini bir daha göstərir. Bu konfrans sayəsində ilk dəfə öyrəndim ki, hələ də öz doğma yurdlarına qayıtmaq hüququndan məhrum olan azərbaycanlılar var və onların öz müqəddəratını təyinetmə hüququ tam təmin edilməyib. Bu tədbir həm məlumatlılığı artırır, həm də beynəlxalq ictimaiyyəti bu məsələlərin həlli istiqamətində daha qətiyyətli addımlar atmağa çağırır”, - deyə o əlavə edib.