“Sikh Federation International”: Azərbaycan Qlobal Cənub üçün müzakirələrin aparıldığı beynəlxalq mərkəzə çevrilir

“Sikh Federation International” adından burada müstəmləkəçilik, işğal və istismara qarşı mübarizə aparan, öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməyə çalışan dünyanın müxtəlif xalqları və icmaları ilə həmrəyliyimizi ifadə edirik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sikh Federation International” təşkilatının hüquq müşaviri Virrinq Prabjot Sikh deyib. O bildirib ki, Sikh xalqı da eyni şəkildə 1849-cu ildə müstəmləkəçiliyə məruz qaldıqdan sonra öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizə aparır.

“Müstəqil Xalistan 1986-cı il aprelin 29-da elan edilib. Sikh xalqının bütün səylərinə və istifadə etdiyi bütün dinc vasitələrə rəğmən, Hindistan dövləti sikh suverenliyinə dəstəyi və bu istiqamətdə çağırışları boğmaq məqsədilə zorakı repressiyalar həyata keçirməkdə davam edir. Soyqırımı, insanlığa qarşı cinayətlər və transmilli təzyiqlər bu siyasətin tərkib hissəsidir. Lakin sikh xalqı dözümlülüyünü qoruyacaq və müstəqil Xalistan, eləcə də öz suverenliyi uğrunda mübarizəsini davam etdirəcək. Bakı Təşəbbüs Qrupunun belə mühüm müzakirəyə təşəbbüs göstərməsini və bu tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndiririk. Hesab edirəm ki, Bakı və ümumiyyətlə, Azərbaycan çox qısa zamanda xüsusilə də Qlobal Cənub üçün dünya nizamı, dekolonizasiya, eləcə də bütün xalqlar üçün ləyaqət, ədalət və azadlığın təmin olunması ilə bağlı müzakirələrin aparıldığı mühüm beynəlxalq mərkəzə çevrilməkdədir”, - deyə o əlavə edib.