Biz Niderland Krallığının tərkibinə daxil olan Karib adalarını təmsil edirik. Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan tədbirə dəvət almaqdan məmnunuq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında hüquqşünas, Sent-Martinin keçmiş hökumət müşaviri Rogelio Voges deyib. O bildirib ki, məqsəd postkolonial idarəetmə strukturları ilə bağlı baxış və təcrübələrini bölüşməkdir.
“Müxtəlif regionlardan olan iştirakçıların çıxışlarını dinləmək çox maraqlıdır. Xüsusilə Hindistandakı sikh icmasının nümayəndələrinin fikirlərini eşitmək göstərdi ki, fərqli coğrafiyalarda yaşasaq da, postkolonial dövrün yaratdığı problemlər və insanların gündəlik təcrübələri arasında çoxlu oxşarlıq var. Konfrans çərçivəsində beynəlxalq hüquq baxımından xalqların öz müqəddəratını təyinetmə hüququ və bunun bizim xalqlarımız üçün nə ifadə etdiyi barədə fikir mübadiləsi apardıq. Beynəlxalq hüquqa əsasən, məcburi köçkün düşmüş insanların öz tarixi və ata-baba torpaqlarına qayıtmaq haqqı var. Bu mövzuların bir araya gətirilməsi bizə həm bir-birimizdən öyrənməyə, həm də qarşılıqlı dəstək göstərməyə imkan yaradır”, - deyə Sent Martindən olan hüquqşunas əlavə edib. O, Bakı Təşəbbüs Qrupunun yaradılmasını və bu cür müzakirələrə dəstək verməsini yüksək qiymətləndirib.
“Bu platforma hər hansı bir tərəfin maraqlarını deyil, müxtəlif marginal vəziyyətdə olan xalqların və icmaların təşəbbüslərini dəstəkləyir. Məhz bu obyektiv yanaşma fərqli baxışları bir araya gətirərək açıq və konstruktiv dialoqu mümkün edir. Qayıdış hüququ məsələsi də məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq hüquq məcburi şəkildə öz yurd-yuvasından didərgin salınmış insanların doğma torpaqlarına geri dönmək hüququnu tanıyır. Şübhəsiz ki, dünyanın müxtəlif bölgələrində mövcud olan siyasi maneələr bu hüququn həyata keçirilməsini çətinləşdirir. Lakin ən vacibi odur ki, bu hüquq tanınmalı və hazırda öz vətəninə qayıda bilməyən bütün məcburi köçkünlər üçün bərabər şəkildə təmin edilməlidir”,-deyə o bildirib.