Türkiyə parlamentində həddi-buluğa çatmayanlar tərəfindən qanun pozuntuları ilə bağlı cəzaların sərtləşdirilməsi təklif olunub

Türkiyədə yetkinlik yaşına çatmayanların cinayətkarlığının araşdırılması üzrə parlament Komissiyası həddi-buluğa çatmayan şəxslər tərəfindən qanun pozuntularının artmasının səbəblərini araşdırıb və bu təhlükəli sosial tendensiyanı minimuma endirmək üçün bir sıra həllər paketi hazırlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) müvafiq komissiyası bununla bağlı 34 bölmədən ibarət 691 səhifəlik hesabat hazırlayıb.

Parlament üzvləri Türkiyədə yetkinlik yaşına çatmayanların cinayətkarlığının kəskin artmasının səbəblərini (son 10 ildə 51,5 faiz artım) hərtərəfli araşdırıblar.

Bu baxımdan, bir sıra təkliflər hazırlanıb. Xüsusilə, millət vəkillərinin fikrincə, Türkiyədəki bütün məktəbəqədər yaşda uşaqlar və ibtidai sinif şagirdləri məcburi “psixososial analiz”dən keçməlidirlər. Fövqəladə hallarda qeyri-adi davranışlı və ya narkotik asılılığı olan uşaqlar (sonradan hakimin qərarına əsasən) onların razılığı olmadan xəstəxanaya yerləşdirilməli və ya müalicə almalıdırlar.

Yetkinlər üçün çevik iş təşkili modelləri təşviq edilməli, yetkinlik yaşına çatmayanlara valideyn nəzarəti məktəbdən sonrakı ilk saatlarda, xüsusən də saat 15:00 ilə 17:00 arasında gücləndirilməli və iqtisadi risk altında olan aztəminatlı ailələrin gəlirlərini artırmaq üçün məşğulluğa dəstək proqramları gücləndirilməlidir. TBMM-in komissiyası ağır cinayətlər törətmiş yetkinlik yaşına çatmayanlar üçün daha sərt cəza tədbirlərinin tətbiqini təklif edib.

Hesabatda deyilir: “Cinayət Məcəlləsində yetkinlik yaşına çatmış şəxslər üçün maksimum təhlükəsizlik koloniyasında ömürlük həbs cəzası nəzərdə tutulduğu hallarda, 12-15 yaşlı cinayətkarlar 15 ildən 18 ilədək, 15-18 yaşlılar isə 20 ildən 27 ilədək həbs cəzası çəkməlidirlər”.

Az ağır cinayətlərə görə həbs müddətinin 9 ilə qədər artırılması təklif olunur.

Hesabat müəllifləri, həmçinin bütün məktəblərin kameralarla təchiz edilməsini və təhsil müəssisələrinə giriş-çıxış üçün universal “elektron kart” sisteminin tətbiqini təklif ediblər.