Böyük Qayıdış: Xankəndi, Xocalı və Ağdərəyə daha 44 ailə - 180 nəfər köçürülüb

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. İyunun 25-də Xankəndi şəhərinə, Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə olmaqla 34 nəfər, Xocalı rayonunun Ballıca kəndinə 2 ailə - 7 nəfər, Badara kəndinə 2 ailə - 5 nəfər, Xanabad kəndinə 2 ailə - 5 nəfər köçürülüb. Eyni zamanda, Ağdərə rayonunun Həsənriz kəndinə 53 nəfərdən ibarət 13 ailə, Çıldıran kəndinə 13 ailə olmaqla 53 nəfər, Vəngli kəndinə isə 4 ailə - 23 nəfər köç edib. Doğma yurdlarına qayıdan sakinlər yaşayış məntəqələrində qarşılanaraq yeni mənzillərinin açarlarını təhvil alıblar. Köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlar olublar.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastruktur yaradılır.