Livandakı “Azərbaycan Evi”nin rəhbəri: Məqsədimiz Türk dünyasının icmaları arasında mədəni körpülər qurmaqdır

Azərbaycan Türk dünyasının birliyi və həmrəyliyi istiqamətində mühüm təşəbbüslərlə çıxış edən ölkələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət türk xalqları arasında birliyin möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bunu Livandakı “Azərbaycan Evi” nin rəhbəri Xalid Gani Bakıda "Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı Forumda çıxışı zamanı söyləyib.

O, Livanda "Azərbaycan Evi"nin iki ölkə arasında əlaqələrin inkişafı üçün fəaliyyət göstərdiyini deyib: “Bu gün qarşıda duran əsas vəzifələrdən biri mədəni irsimizin qorunmasıdır. Bu forum yeni əməkdaşlıq platformalarının yaradılması üçün çox mühümdür. Livandakı Azərbaycan Evi olaraq, iki ölkə arasında dostluq münasibətlərinin, mədəniyyətlərarası dialoqun inkişafına, Azərbaycan həqiqətlərinin təbliğinə və Türk dünyasının müxtəlif icmaları arasında mədəni körpülərin qurulmasına çalışırıq. İnanırıq ki, qarşılıqlı əməkdaşlıq, mədəni rəngarənglik və gənclər arasında əlaqələrin genişləndirilməsi ortaq gələcəyimizin möhkəm təməlini təşkil edəcək".