Avropa Komissiyası Cənubi Qafqaz üzrə layihələrə 200 milyon avroyadək investisiya yatıracaq - Avropa Komissiyasının Prezidenti

Avropa Komissiyası Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantının inkişafı üçün 200 milyon avroyadək investisiya ayıracaq.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı bildirib.

"Biz bağlantı vasitəsilə sülhü gücləndirmək istəyirik. Biz “Qlobal Qapılar” Sərmayə Proqramımız vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağıq. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər", - deyə o bildirib.